Vahid məktəbli forması məsələsinə dini məzmun verilməməlidir – RƏY

Baş səhifə

Bakı. Trend:

Vahid məktəbli formasının tətbiqi ilə bağlı müzakirələrdə
maarifləndirmə və dialoq ön plana çıxmalı, məsələyə dini məzmun
verilməməlidir.

Bunu Trend-ə
açıqlamasında Fəlsəfə və Sosiologiya İnstitutunun Davamlı inkişafın
fəlsəfəsi və sosiologiyası şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə
üzrə fəlsəfə doktoru, dosent Şölət Zeynalov deyib.

Onun sözlərinə görə, vahid məktəbli formasına keçidlə bağlı bəzi
qüvvələr orta məktəblərdə ajiotaj yaratmağa çalışırlar:

“Nazirlər Kabinetinin qərarı ilə müəyyənləşdirilən vahid
məktəbli geyiminə dair qaydalar qızlara və oğlanlara eyni dərəcədə
şamil olunur. Şagirdlər məktəbə vahid formada gəlməli, onları
bir-birindən xüsusi şəkildə fərqləndirən geyimlərdən,
aksesuarlardan və simvollardan istifadə etməməlidirlər. Bu məsələyə
yalnız hicab və ya baş örtüyü kontekstində yanaşmaq doğru deyil.
Söhbət bütün şagirdlər üçün ümumi geyim qaydalarından gedir. Vahid
məktəbli formasına dini məzmun vermək olmaz”.

Ş.Zeynalov bildirib ki, qaydaların mahiyyəti şagirdlər arasında
geyimə görə fərqlənmənin qarşısını almaq və bərabər məktəb mühiti
formalaşdırmaqdır:

“Məktəbə gələn şagird anlamalıdır ki, burada hamı eyni
geyimdədir. Hansısa ailənin maddi imkanları daha geniş ola bilər və
övladını bahalı, digərlərindən seçilən geyimlərlə məktəbə göndərə
bilər. Vahid forma belə fərqlərin tədris mühitində qabardılmasının
qarşısını almağa xidmət edir. Ailələrin sosial və iqtisadi
vəziyyətindən irəli gələn fərqlər şagirdlərin münasibətlərinə və
dünyagörüşünə təsir göstərməməlidir”,-deyə o qeyd edib.

Dosent hesab edir ki, geyim qaydalarının tətbiqi valideynlər və
şagirdlərlə davamlı söhbətlər, izahat işi və qarşılıqlı dialoq
vasitəsilə həyata keçirilməlidir:




“Məsələ ətrafında yaranan ajiotajı aradan qaldırmaq üçün
maarifləndirmə işi gücləndirilməlidir. Valideynlərə vahid məktəbli
formasının məqsədi, uşaqların məktəb daxilində ünsiyyəti və bərabər
təhsil mühiti baxımından əhəmiyyəti izah olunmalıdır. Təkcə
valideynlərlə deyil, şagirdlərlə də söhbətlər aparılmalıdır. Bu
proses dialoq və maarifləndirmə əsasında həyata
keçirilməlidir”.

Ş.Zeynalovun fikrincə, qərar uzunmüddətli təhlillərin
nəticəsidir və formalaşmış vərdişlərin dəyişməsi müəyyən
çətinliklərlə müşayiət oluna bilər:

“Bu qərar qəfil qəbul edilməyib. Uzun müddət ərzində formalaşmış
yanaşmaların dəyişdirilməsi müəyyən vaxt tələb edir. Buna görə
keçid prosesində izahat və maarifləndirmə xüsusi əhəmiyyət
daşıyır”,-deyə o əlavə edib.

Xatırladaq ki, Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin 2022-ci
il 17 mart tarixli 96 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət
ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının
təsvirləri”ndə dəyişiklik edilməsi haqqında Qərar imzalayıb.

Qərara əsasən, “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının
geyim formalarının təsvirləri”ndə aşağıdakı dəyişikliklər
ediləcək:
– Təhsilalanların müəyyən edilmiş geyim formasının vahidliyini
pozan, habelə ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan
digər geyim elementlərindən istifadə edilməsinə yol verilmir.

– Azərbaycan xalqının tarixi, mədəniyyəti və milli-mənəvi
dəyərləri ilə bağlı keçirilən tədbirlərdə məktəbin Pedaqoji
Şurasının qərarı ilə milli geyimlərdən və ya milli geyim
elementlərindən istifadə edilməsinə yol verilir.
– Valideynlər və ya digər qanuni nümayəndələr övladları
(qəyyumluğunda və ya himayəsində olan şəxslər) tərəfindən geyim
forması ilə bağlı tələblərə riayət olunmasını təmin
etməlidirlər.