Tbilisidə kəlağayı sənətinin tarixinə həsr olunan kitab təqdim edilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Gürcüstanın paytaxtı Tbilisidə fəaliyyət göstərən “Alyans”
Gənclər Mərkəzində Azərbaycanın zəngin qeyri-maddi mədəni irs
nümunələrindən olan kəlağayı sənətinə həsr edilən “Kəlağayı milli
sərvətimizdir” kitabının təqdimatı keçirilib.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat
verilib.

Bildirilib ki, tədbir “Alyans” Gənclər Mərkəzinin dəstəyi,
“Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyi və Kəlağayı Ev
Muzeyinin birgə təşəbbüsü ilə baş tutub.

Əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən
qəhramanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Görüşdə müxtəlif kəlağayı nümunələri və sənətin tarixinə dair
kitablar nümayiş etdirilib.




“Mirvarid Dilbazi Poeziya Məclisi” İB-nin və Kəlağayı Ev
Muzeyinin sədri, kitabın müəllifi Güllü Eldar Tomarlı çıxışında
Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü və Heydər
Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən tədbirlər nəticəsində
2014-cü ilin noyabr ayında Parisdə keçirilən UNESCO-nun
Hökumətlərarası Komitəsinin 9-cu sessiyasında “Kəlağayı simvolikası
və ənənəvi sənəti: qadın ipək baş örtüklərinin hazırlanması və
saxlanılması”nın UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs
üzrə Reprezentativ Siyahısına daxil edildiyini deyib.

Azərbaycan, rus və gürcü dillərində nəşr olunan “Kəlağayı milli
sərvətimizdir” kitabında kəlağayının tarixi, hazırlanma
xüsusiyyətləri və Azərbaycan qadınının milli-mənəvi dünyasındakı
rolu haqqında məlumat verilir. Nəşrin gürcü dilinə Gürcüstan Dövlət
Mükafatı laureatı, tanınmış yazıçı və tərcüməçi İmir Məmmədli
tərəfindən çevrildiyi bildirilib.

Çıxışlarda kəlağayı sənətinin gənc nəslə tanıdılması və qədim el
sənətlərinin yaşadılmasının vacibliyi vurğulanıb.

Tədbirin sonunda Azərbaycanın milli rəqsləri nümayiş etdirilib,
uşaqlar kəlağayıya həsr olunan şeirlər səsləndiriblər.