Tacikistan Azərbaycanın ərazisindən keçən tranzit marşrutlarının inkişafında maraqlıdır

Baş səhifə

Bakı. Trend:

Tacikistan Azərbaycanın nəqliyyat-logistika imkanlarından
gələcəkdə də istifadə edilməsində və tranzit marşrutlarının, o
cümlədən Orta Dəhlizin inkişaf etdirilməsində maraqlıdır.

Trend-in
müxbirinin tədbirdən verdiyi məlumata görə, bunu Tacikistan
Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri
İlhom Abdurahmon Bakıda Tacikistanın dövlət müstəqilliyinin 35-ci
ildönümünə həsr olunmuş təntənəli tədbirdə deyib.

“Azərbaycanın nəqliyyat-logistika imkanlarından istifadə və
tranzit marşrutlarının, o cümlədən Orta Dəhlizin inkişaf
etdirilməsi istiqamətində böyük potensial mövcuddur”, – deyə o
bildirib.

Səfir qeyd edib ki, Avropa ölkələri ilə Tacikistan arasında
tranzit yükdaşımalarının əsas həcmi Azərbaycanın ərazisindən
keçir.

“Azərbaycan ölkələrimizi birləşdirən mövcud dəhlizlər üzrə
tranzit yükdaşımaları sahəsində Tacikistanın mühüm tərəfdaşıdır”, –
İ. Abdurahmon vurğulayıb.

Onun sözlərinə görə, nəqliyyat və logistika sahəsində
əməkdaşlığın daha da dərinləşdirilməsi iki dövlət arasında iqtisadi
əlaqələrin genişlənməsinə töhfə verəcək.

Səfir həmçinin qeyd edib ki, Düşənbə ilə Bakı arasında həftədə
dörd birbaşa aviareys həyata keçirilir ki, bu da onun sözlərinə
görə, ölkələr arasında turizm əlaqələrinin inkişafına töhfə
verir.