
Bakı.Trend:
Avqust ayında Azərbaycanda süni intellekt çat-botlarının bazar
payına dair məlumatlar açıqlanıb.
Trend agentliyinin “Global Stats
Statistika Mərkəzinin” məlumatları əsasında apardığı hesablamalara
görə, 2026-cı ilin avqust ayında Azərbaycanda süni intellekt
çat-botları bazarında “ChatGPT”nin payı 83,61 faiz təşkil edib. Bu
göstərici əvvəlki ayla müqayisədə 3,78 faiz bəndi azalıb.
Eyni zamanda, “Google Gemini”dən istifadə əvvəlki ayla
müqayisədə 2,91 faiz bəndi artaraq 11,45 faizə çatıb.
Məlumata görə, avqust ayında “Claude”un Azərbaycan bazarındakı
payı 2,99 faiz, “Perplexity”nin 1,47 faiz, “Microsoft” “Copilot”un
isə 0,48 faiz təşkil edib.
Beləliklə, “ChatGPT” Azərbaycanda süni intellekt çat-botları
bazarında lider mövqeyini qoruyub saxlayaraq, ən yaxın rəqiblərini
əhəmiyyətli dərəcədə geridə qoyub.
Qeyd edək ki, bu ilin iyun ayında Azərbaycanın elm və təhsil
naziri, rəqəmsal inkişaf və nəqliyyat naziri və “OpenAI” şirkəti
süni intellektə əsaslanan regionun ilk adaptiv təhsil
platformasının hazırlanmasını nəzərdə tutan anlaşma memorandumu
imzalayıblar.
“Rəqəmsal məktəb” təşəbbüsü çərçivəsində həyata keçiriləcək
layihə 500 mindən çox şagirdi əhatə edəcək və süni intellekt
texnologiyalarının milli təhsil sisteminə inteqrasiyasına imkan
verəcək.
Hazırlanan həll şagirdlərin bilik və bacarıqlarının fərdi
diaqnostikasını aparmağa, tədris prosesi zamanı fərdiləşdirilmiş
tapşırıqlar təqdim etməyə və hər bir şagirdin təhsil ehtiyaclarına
uyğun olaraq süni intellektdən istifadə etməklə onun təhsilinə
dəstək göstərməyə imkan verəcək.

