Bakı. Trend:
İran İslam İnqilabı Keşikçiləri Korpusu bazar ertəsi İranla ABŞ
arasında müharibənin mərkəzində yer alan Hörmüz boğazından keçməyə
cəhd edən daha bir neft tankerinə zərbə endirdiyini açıqlayıb.
“Boğazda supertanker vurulub və alovlanıb”, – deyə İnqilab
Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri Sepah News saytında
yayımlanan bəyanatında bildirib.
Fevralın sonunda ABŞ və İsrailin İrana qarşı zərbələri ilə
başlayan Yaxın Şərq münaqişəsinin başlanmasından bəri Tehran Hörmüz
boğazına nəzarət etdiyini bəyan edir. Müharibədən əvvəl dünya üzrə
karbohidrogen daşımalarının beşdə biri bu boğaz vasitəsilə həyata
keçirilirdi.
İran İslam Respublikası icazəsi olmadan boğazdan keçməyə cəhd
edən gəmiləri mütəmadi olaraq hədəfə alır. Öz növbəsində, Vaşinqton
İran limanlarına dəniz blokadası tətbiq edir və boğazdan keçən neft
tankerlərini müşayiət edir. Belə gəmilərin sayı getdikcə artır.
İran qüvvələrinin bəyanatında bildirilib ki, bazar ertəsi hədəfə
alınan gəmi naviqasiya sistemini söndürərək və “İnqilab
Keşikçilərinin Hərbi Dəniz Qüvvələrinin xəbərdarlıqlarına məhəl
qoymayaraq” boğazdan keçməyə cəhd edib.
Bundan bir gün əvvəl İnqilab Keşikçiləri Korpusunun Hərbi Dəniz
Qüvvələrinin komandanı, kontr-admiral Əli Özməi xəbərdarlıq etmişdi
ki, Hörmüz boğazında naviqasiya sistemlərini söndürən istənilən
gəmi “düşmən” hesab ediləcək və “sərt tədbirlərlə” üzləşəcək.
Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO)
da bazar ertəsi açıqlama yayaraq, bir gün əvvəl Hörmüz boğazında
gəmilərin hədəfə alındığı dörd ayrı insident barədə məlumat
verib.

