
Bakı. Trend:
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin
İordaniyadakı Əl-Əzraq hərbi bazasına raket zərbələri endirdiyini
açıqlayıb.
İRNA dövlət agentliyinin məlumatına görə, bu addım ABŞ-nin İran
neft tankerlərinə hücumlarına cavab olaraq atılıb.
“Təcavüzkarı cəzalandırmaq məqsədi daşıyan bu əməliyyat
çərçivəsində texniki xidmət və təmir obyektləri, hazırlıq zonaları,
F-35, F-16 və F-15 qırıcı təyyarələrinin yerləşdirilməsi sahələri,
həmçinin döyüş təyyarələri üçün nəzərdə tutulmuş sığınacaqlar
vurulub və bədxah düşmənə ağır ziyan yetirilib”, – deyə İRNA-nın
sitat gətirdiyi SEPAH bildirib.
Daha sonra İordaniya ordusu İran tərəfindən ölkə istiqamətində
atılan 18 raketin havada zərərsizləşdirildiyini, daha iki raketin
isə yaşayış olmayan ərazilərə düşdüyünü açıqlayıb.
Ordunun yaydığı bəyanatda deyilir: “Son bir neçə saat ərzində
İordaniya Haşimilər Krallığı İran ərazisindən atılan raketlərin
hücumuna məruz qalıb”.
Bəyanatda həmçinin qeyd olunur ki, ölkənin raketdən müdafiə
sistemləri “onlardan 18-ni uğurla ələ keçirərək məhv edib, iki
raket isə yaşayış olmayan ərazilərə düşüb”.
Bundan bir qədər əvvəl SEPAH Küveyt və Bəhreyndəki tankerləri
“hədəfə alacağı” barədə xəbərdarlıq edib və gəmilərin ekipajlarına
“dərhal gəmilərini tərk etmək” çağırışı edib. Bu barədə rəsmi IRNA
agentliyi məlumat yayıb.
IRNA-nın SEPAH-a istinadən yaydığı açıqlamada deyilir: “İran
İslam Respublikasına məxsus bir neçə neft tankerini hədəfə alan
Amerika terrorçu ordusunun cinayətləri fonunda Küveyt və Bəhreyn
limanlarında olan bütün tankerlərə xəbərdarlıq edirik. Bu ölkələr
həmin terrorçuları qəbul edir və onların əməllərinə şərikdir.
Söhbət həm lövbərdə dayanan, həm də limanda yan alan tankerlərdən
gedir. Onlara gəmilərini tərk etmələri barədə xəbərdarlıq edirik,
çünki onlar hədəfə alınacaqlar.”

