Səhiyyə Nazirliyinin mobil klinikası Xocalıda “Böyük Qayıdış” Proqramı çərçivəsində tibbi xidmət göstərib (FOTO)

Baş səhifə

Bakı. Trend:

İşğaldan azad olunmuş ərazilərdə yaşayan əhalinin sağlamlıq
vəziyyətinin qiymətləndirilməsi, xəstəliklərin erkən mərhələdə
aşkarlanması və tibbi xidmətlərin əlçatanlığının artırılması
məqsədilə Səhiyyə Nazirliyinin təşkil etdiyi səyyar tibbi
müayinələr davam edir.

Səhiyyə Nazirliyinin məlumatına görə, “Böyük Qayıdış” Proqramı
çərçivəsində növbəti tibbi aksiya Xocalı rayonunda keçirilib.
Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri
İnstitutunun mütəxəssisləri tərəfindən təşkil olunan müayinələr
zamanı yerli sakinlərə müxtəlif istiqamətlər üzrə tibbi xidmətlər
göstərilib.

Xüsusi tibbi avadanlıqlarla təchiz edilmiş mobil klinika və
modul tipli səyyar laboratoriya sakinlərin yaşadıqları ərazidə
müayinələrdən keçməsinə və zəruri diaqnostik xidmətlərdən yerində
yararlanmasına imkan yaradıb.

Aksiya çərçivəsində pulmonoloq, ftiziatr, allerqoloq və
kardioloqlarla yanaşı, şüa diaqnostikası və laboratoriya
mütəxəssisləri də fəaliyyət göstəriblər. Flüoroqrafiya, rentgen,
elektrokardioqrafiya (EKQ), exokardioqrafiya, ultrasəs müayinəsi
(USM), spirometriya, Mantu sınağı və arterial qanın qaz tərkibinin
analizi aparılıb.




Müayinələr zamanı sağlamlıq problemləri aşkarlanan şəxslərə
müvafiq tibbi tövsiyələr verilib, zəruri hallarda müalicə təyin
olunub və əlavə müayinələr üçün ixtisaslaşmış həkimlərə
yönləndirilmələr həyata keçirilib.

Ümumilikdə, aksiya zamanı Xocalının 147 sakini tibbi
müayinələrdən keçib. Bununla yanaşı, sakinlərə ağciyər
xəstəliklərinin əsas risk faktorları, ilkin əlamətləri və
profilaktikası barədə məlumat verilib, sağlamlığın qorunmasında
müntəzəm tibbi müayinələrin əhəmiyyəti izah olunub.

Səhiyyə Nazirliyi tərəfindən “Böyük Qayıdış” Proqramı
çərçivəsində bu cür tədbirlərin işğaldan azad olunmuş digər
ərazilərdə də davam etdirilməsi nəzərdə tutulur. Səyyar tibbi
xidmətlərin təşkili əhalinin sağlamlığının qorunmasına,
xəstəliklərin vaxtında aşkarlanmasına və ixtisaslaşmış tibbi
xidmətlərin əlçatanlığının artırılmasına xidmət edir.