Bakı. Trend:
Rumıniya hakimiyyəti sentyabrın 8-də, çərşənbə axşamı günü
Rusiya vətəndaşının saxlanıldığını açıqlayıb. O, fevral-iyul ayları
arasında Avropa İttifaqı və NATO üzvü olan bu ölkədə təxribat
əməliyyatlarının həyata keçirilməsi məqsədilə strateji məlumatlar
toplamaqda ittiham olunur.
Rumıniya Kəşfiyyat Xidməti yaydığı açıqlamada bildirib ki, qurum
“milli və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq çərçivəsində”
Avropanın digər ölkələrində daha əvvəl müşahidə olunan fəaliyyət
üsuluna uyğun olaraq, “Rusiya tərəfindən koordinasiya edilən” bu
əməliyyatın qarşısını alıb.
40 yaşlı kişinin Rumıniyanın, o cümlədən paytaxt Buxarestin
ərazisində müttəfiqlər tərəfindən istifadə olunan bir neçə hərbi
bazadakı avadanlıqların foto və videolarını çəkdiyi güman edilir.
O, şəxsi heyətin və döyüş texnikasının, o cümlədən “Ukraynaya
məxsus Antonov yük təyyarələrinin” hərəkətlərini sənədləşdirib.
Onun həbsdə saxlanılmasını tələb edən prokurorluğun açıqlamasına
görə, Rusiya vətəndaşı hərəkətlərini şifrələnmiş onlayn mesajlaşma
xidmətləri vasitəsilə əməliyyatları koordinasiya edən başqa bir
şəxsin göstərişi ilə həyata keçirib.
Rumıniya hakimiyyəti 2024 və 2025-ci illərdə də oxşar cəhdlərin
qarşısını aldığını bildirib.
Avropa İttifaqı sentyabrın əvvəlində Rusiyanın getdikcə artan
hibrid hücumlarını pisləyib. Moskva isə bu hücumlarda iştirakını
sistematik şəkildə rədd edir.
Bu arada, Moldova polisi çərşənbə axşamı Rusiyanın xüsusi xidmət
orqanlarının nümayəndələrinin adından “icazəsiz məlumat toplamaqda
şübhəli bilinən” 49 yaşlı Azərbaycan əsilli şəxsin müvəqqəti olaraq
həbs edildiyini açıqlayıb.

