“Rəqəmsal Üfüqlər” Milli Rəqəmsal Savadlılıq Təlim Proqramına start verilib

Baş səhifə

Bakı. Trend:

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) tabeliyində
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi dövlət qulluqçuları və
dövlət qurumlarının əməkdaşları üçün “Rəqəmsal Üfüqlər” Milli
Rəqəmsal Savadlılıq Təlim Proqramına start verib.

Bu barədə RİNN məlumat yayıb.

Bildirilib ki, proqram dövlət sektorunda rəqəmsal bacarıqların
vahid və beynəlxalq standartlar əsasında inkişaf etdirilməsi
istiqamətində həyata keçirilən təşəbbüsdür.

Proqram dövlət sektorunda rəqəmsal bacarıqların inkişafını
dəstəkləmək, dövlət idarəçiliyində rəqəmsal transformasiyanı
sürətləndirmək və müasir texnologiyaların tətbiqi üzrə insan
kapitalını gücləndirmək məqsədi daşıyır.

Təşəbbüs çərçivəsində dövlət qulluqçuları və dövlət qurumlarının
əməkdaşlarının rəqəmsal savadlılığının artırılması, eləcə də süni
intellekt və kibertəhlükəsizlik sahələrində bilik və bacarıqlarının
inkişaf etdirilməsi nəzərdə tutulur.

Təlimlər rəqəmsal platforma üzərindən onlayn formatda, tam
ödənişsiz əsasda keçirilir və rəhbər şəxslər, mütəxəssislər də
daxil olmaqla, dövlət qurumlarının bütün əməkdaşlarına şamil
olunur. Proqram Bakı şəhəri ilə yanaşı, regionlarda fəaliyyət
göstərən dövlət qurumlarının əməkdaşlarını da əhatə edir.




Proqramın tədris məzmunu Avropa Rəqəmsal Səriştələr Çərçivəsi –
“EU DigComp 3.0” əsasında hazırlanıb. Bu çərçivə rəqəmsal
bacarıqların hansı istiqamətlər üzrə inkişaf etdirilməli olduğunu
müəyyən edən vahid beynəlxalq standartdır. Sözügedən standartın
növbəti versiyasında daha geniş əhatə olunması nəzərdə tutulan süni
intellekt və kibertəhlükəsizlik istiqamətləri artıq “Rəqəmsal
Üfüqlər” Proqramının təlim məzmununa daxil edilib. Kurikulum
beynəlxalq standartlara uyğun hazırlanıb, Azərbaycan dilinə
lokallaşdırılıb, rəqəmsal təlim platforması və qiymətləndirmə
sistemi isə tam istifadəyə hazır vəziyyətə gətirilib.

Proqram iştirakçıların fərdi bilik səviyyəsini nəzərə alan
adaptiv öyrənmə modeli əsasında həyata keçirilir. Hər bir iştirakçı
ilkin qiymətləndirmədən keçərək və nəticələrə uyğun olaraq müvafiq
tədris səviyyəsinə yönləndirilir. Tədris proqramı təməl
(Foundational) və orta (Intermediate) olmaqla iki səviyyəni əhatə
edir. Təməl səviyyədə rəqəmsal alətlərdən təhlükəsiz və səmərəli
istifadə, məlumat savadlılığı, rəqəmsal ünsiyyət və
kibertəhlükəsizliyin fundamental prinsipləri, orta səviyyədə isə
məlumat analitikası, “bulud” texnologiyaları, süni intellektdən
məsuliyyətli və etik istifadə, qabaqcıl kibertəhlükəsizlik
yanaşmaları və rəqəmsal dövlət xidmətləri üzrə bilik və
bacarıqların inkişafı nəzərdə tutulur.

Təlimlər zamanı hər bir iştirakçıya proqramı tamamlamaq üçün bir
ay vaxt verilir. Nəticələrə əsasən, 90 faiz və daha yüksək nəticə
göstərənlər qızıl, 80 faiz və daha yüksək nəticə göstərənlər gümüş,
70 faiz və daha yüksək nəticə göstərənlər bürünc ştamplı
sertifikat, 60–69 faiz nəticə göstərənlər isə iştirak sertifikatı
əldə edəcəklər. 60 faizdən aşağı nəticə göstərən iştirakçılar
təlimi təkrar keçərək qiymətləndirmədə yenidən iştirak edə
biləcəklər.

Proqramın icrasında müasir rəqəmsal idarəetmə və monitorinq
mexanizmləri tətbiq olunacaq ki, bu da təlim prosesinin
şəffaflığını, səmərəliliyini və nəticəyönümlü idarə olunmasını
təmin edəcək.

Qeyd edək ki, “Rəqəmsal Üfüqlər” Proqramı Azərbaycan
Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsi üzrə
2026–2028-ci illər üçün Fəaliyyət Planının 8.1.12-ci yarımbəndinə
uyğun olaraq dövlət orqanlarında (qurumlarında) vəzifəli şəxslərin
rəqəmsal inkişaf sahəsində səriştələrinin, bilik və bacarıqlarının
artırılması, həmçinin Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf
Konsepsiyasının (2025–2027) 2.4-cü bəndi ilə nəzərdə tutulan
rəqəmsal bacarıqların inkişafı tədbirlərinin icrası çərçivəsində
həyata keçirilir.