
Bakı.Trend:
Qazaxıstan Bakı – Tbilisi – Ceyhan (BTC) boru kəməri ilə
Qazaxıstan neftinin ixrac həcmini artırmağı planlaşdırır.
Qazaxıstan Prezidentinin Mətbuat xidmətinin məlumatına görə,
bunu Prezident Kasım-Jomart Tokayev cümə axşamı Bakıda keçirilən
Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin
(AQEM) VII Sammitində çıxışı zamanı bildirib.
“Xəzər dənizinin həm regionumuzun, həm də bütün dünyanın enerji
təhlükəsizliyinin təmin olunmasında həyati əhəmiyyət kəsb etdiyi
aydındır. Qazaxıstan qəti əmindir ki, Xəzər regionun bütün
dövlətlərinin və digər ölkələrin rifahı naminə sülh və əməkdaşlıq
məkanı olaraq qalmalıdır. Su ehtiyatları və ekologiya sahəsində
birgə səylərlə Xəzərin qorunması da eyni dərəcədə vacibdir”, – deyə
Tokayev bildirib.
Bununla yanaşı, Prezident AQEM-in fəaliyyətində ekoloji
istiqamətin getdikcə daha böyük aktuallıq qazandığını qeyd
edib.
Onun fikrincə, su ehtiyatlarının çatışmazlığı və ekosistemlərin
deqradasiyası Asiyanın üzləşdiyi ən ciddi çağırışlardan birinə
çevrilib.
“Dünya əhalisinin 60 faizi Asiya və Sakit okean regionunda
yaşayır, lakin dünya su ehtiyatlarının cəmi 35 faizi bu regionun
payına düşür. Nəticədə burada adambaşına düşən su ehtiyatlarının
həcmi dünyada ən aşağı səviyyədədir. Qazaxıstan su ehtiyatlarının
bundan sonra da əməkdaşlıq mənbəyi olaraq qalmasının tərəfdarıdır.
Bu baxımdan, texnologiya mübadiləsinin inkişafına, birgə
tədqiqatların aparılmasına və suya qənaət edən həllərin tətbiqinə
yönəlmiş AQEM Su Tərəfdaşlığının yaradılmasını təklif edirik.
Daha geniş kontekstdə Qazaxıstan BMT sistemi çərçivəsində su
ehtiyatları sahəsində qlobal gündəliyin əlaqələndirilməsini təmin
edə biləcək Beynəlxalq Su Təşkilatının yaradılması təşəbbüsü ilə
çıxış edib. Bu təklif Mərkəzi Asiya ölkələri və Azərbaycan
tərəfindən birgə irəli sürülə bilər. Eyni zamanda, AQEM-ə üzv bütün
dövlətlərin bu təşəbbüsə qoşulması üçün imkan açıq saxlanıla
bilər”, – deyə Prezident bildirib.

