
Bakı. Trend:
Venesuelanın keçmiş prezidenti Nikolas Maduro və həyat yoldaşı
Siliya Flores cümə axşamı Nyu-York məhkəməsində işgəncə ittihamı
üzrə özlərini təqsirli bilmədiklərini bəyan ediblər. Yanvar ayından
ABŞ-da həbsdə saxlanılan cütlüyə qarşı yeni ittihamlar irəli
sürülüb. Onlar siyasi müxaliflərə, o cümlədən elektrik cərəyanı ilə
işgəncə vermək, döymək və boğulma görüntüsü yaratmaq kimi işgəncə
əməllərini törətmək məqsədilə əlbir olmaqda ittiham edilirlər.
Özünü “müharibə əsiri” adlandıran Nikolas Maduro irəli sürülən
ittihamları “saxta iddialar” kimi qiymətləndirib. Karakasın keçmiş
rəhbəri və həyat yoldaşı yanvar ayında ABŞ hərbçilərinin
Venesuelada keçirdiyi genişmiqyaslı hərbi əməliyyat zamanı
yaşadıqları iqamətgahda ələ keçirildikdən sonra narkotik
qaçaqmalçılığı və odlu silahlarla bağlı cinayətlərdə də ABŞ-da
mühakimə olunurlar.
Onların hər ikisi Bruklindəki federal həbsxanada ciddi rejim
şəraitində saxlanılır. Məhbusların qəzetlərə və internetə çıxışı
yoxdur, lakin onlara ailə üzvləri və vəkilləri ilə telefonla
danışmağa icazə verilir. Cütlüyün məhkəmə prosesi 2027-ci il iyunun
1-də başlanmalıdır.
2013–2026-cı illərdə prezidentliyi dövründə Nikolas Maduro insan
hüquqlarını müdafiə edən təşkilatlar tərəfindən hakimiyyətdə qalmaq
üçün mütəmadi olaraq repressiv üsullardan istifadə etməkdə ittiham
olunub. Keçmiş dövlət başçısının ələ keçirilməsindən sonra
vitse-prezident Delci Rodriges müvəqqəti prezident kimi onun yerini
tutub. O, Vaşinqtonun təzyiqləri altında ölkəni idarə edir. ABŞ isə
neftlə zəngin ölkədə hakimiyyətin faktiki olaraq öz əlində olduğunu
bəyan edir.

