Mirziyoyev Bakıda AQEM sammitində iştirak edəcək

Baş səhifə

Bakı.Trend:

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev oktyabrın 14-15-də
Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin
(AQEM) yeddinci sammitində iştirak etmək üçün Bakıya səfər
edəcək.

Bu barədə Özbəkistan Prezidentinin mətbuat xidmətinin
məlumatında bildirilib.

Sammitdə region ölkələrinin liderləri Asiyada təhlükəsizlik,
iqtisadi əməkdaşlıq və nəqliyyat əlaqələrinin inkişafı məsələlərini
müzakirə edəcəklər.

Sammitə Azərbaycan sədrlik edəcək. Tədbirdə əsas diqqət qitədə
etimadın, sülhün və təhlükəsizliyin möhkəmləndirilməsinə, həmçinin
AQEM-in institusional inkişafının davam etdirilməsinə
yönəldiləcək.

İştirakçılar, həmçinin nəqliyyat əlaqələri, rəqəmsallaşma və
dayanıqlı iqtisadi artım sahələrində praktiki əməkdaşlıq
məsələlərini müzakirə edəcək, əsas regional və beynəlxalq məsələlər
barədə fikir mübadiləsi aparacaqlar.

Sammitin yekununda Bakı Bəyannaməsinin və təşkilatın rolunun
gücləndirilməsinə, fəaliyyətinin səmərəliliyinin artırılmasına
yönəlmiş qərarlar paketinin qəbul ediləcəyi gözlənilir.

AQEM 1992-ci ildə Qazaxıstanın təşəbbüsü ilə Asiyada dialoqun və
əməkdaşlığın təşviqi, sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi
məqsədilə çoxtərəfli forum kimi yaradılıb. Hazırda təşkilat 28 üzv
dövlətdən ibarətdir.