
Bakı. Trend:
“Milan” futbol klubu xorvatiyalı yarımmüdafiəçi Luka Modriçin
mövsümün sonunda karyerasını başa vurması ehtimalını nəzərə alaraq
onun mümkün əvəzləyicilərini axtarmağa başlayıb.
İtaliya təmsilçisinin diqqət mərkəzində İngiltərə Premyer
Liqasında çıxış edən iki futbolçu var.
Bunlar “Bornmut”un yarımmüdafiəçisi Aleks Skott və “Brayton”un
isveçli futbolçusu Yasin Ayaridir.
“Milan” xüsusilə Ayarinin transferində maraqlıdır. Onun 2027-ci
ilin yayında azad agent statusu alacağı gözlənilir. Bu isə İtaliya
klubuna futbolçunu transfer haqqı ödəmədən heyətinə qatmaq imkanı
yarada bilər.
Klub rəhbərliyi Modriçin mümkün ayrılığından sonra
yarımmüdafiənin mərkəzində problem yaşamamaq üçün indidən hazırlıq
görmək istəyir.
Qeyd edək ki, 41 yaşlı Modriçin cari mövsümün sonunda peşəkar
futbolçu karyerasını başa vuracağı ehtimal olunur. “Milan” hazırda
İtaliya çempionatının turnir cədvəlində beşinci pillədə
qərarlaşıb.

