Bakı. Trend:
Fransa Hərbi Dəniz Qüvvələri bazar ertəsi Reyunyon adasının
cənubunda saxta bayraq altında üzdüyü ehtimal edilən və yanacaq
daşınması ilə bağlı qanunsuz fəaliyyətlərdə iştirak etdiyi güman
olunan gəmini saxlayıb. Bu barədə Fransa Prezidenti Emmanuel Makron
məlumat verib.
“Bu səhər Reyunyon adasından 450 dəniz milindən çox cənubda
Fransa Hərbi Dəniz Qüvvələri DF Peak neft tankerini saxlayıb”, –
deyə dövlət başçısı X sosial şəbəkəsində bildirib. O, müdaxilənin
qısa görüntülərini də paylaşıb və Qərbin embarqolarından yayınmaq
üçün Rusiyanın istifadə etdiyi gəmiləri ifadə edən “kölgə
donanması” ilə mübarizədə Fransanın qətiyyətli olduğunu
vurğulayıb.
Benin bayrağı altında üzən DF Peak neft tankeri Aİ-nin sanksiya
tətbiq edilmiş gəmilər siyahısına daxildir. Gəminin 25 iyun 2024-cü
ildən, o zaman Kaliningrad adlandığı dövrdən etibarən Rusiyanın
kölgə donanmasına aid olduğu ehtimal edilir.
Fransa Silahlı Qüvvələrinin Baş Qərargahı da X sosial
şəbəkəsində açıqlama yayaraq bildirib ki, gəmidə yoxlama aparan
qrupun göyərtəyə qalxmasından sonra sənədlərin araşdırılması
gəminin daşıdığı bayrağın qanuniliyinə dair şübhələri təsdiqləyib.
Qurum gəminin Fransa Hərbi Dəniz Qüvvələrinin müşayiəti altında
müəyyən edilmiş marşrutdan kənara yönəldildiyini də qeyd edib.
Hazırda Avropa İttifaqının sanksiya siyahısında 700-dən çox gəmi
var. ABŞ, Böyük Britaniya və ya Avropa İttifaqının sanksiyalarına
baxmayaraq, Rusiyanın karbohidrogen ixracında istifadə olunduğu
ehtimal edilən gəmilər yoxlamalardan yayınmaq üçün bəzən adlarını
və ya bayraqlarını dəyişirlər.
Fransa prezidentinin bu açıqlaması Avropada Ukraynada
müharibənin gələcəyi ilə bağlı narahatlığın artdığı bir vaxtda,
sanksiyaların bir hissəsinin ləğv edilməsi və Vaşinqtonla Moskva
arasında Rusiya dizel yanacağının tədarükünə dair razılaşmanın əldə
olunması fonunda verilib.
ABŞ Prezidenti Donald Tramp cümə günü Rusiya dizel yanacağının
böyük həcmdə ABŞ və dünya bazarlarına tədarükü ilə bağlı razılaşma
əldə etdiyini açıqlayıb. Bu məqsədlə o, Moskvaya qarşı tətbiq
olunan sanksiyaları ləğv edib. Ukrayna Prezidenti Volodimir
Zelenski isə bu qərarı “ləyaqətsiz” adlandıraraq sərt tənqid
edib.
Öz növbəsində, Avropa İttifaqı Moskvaya qarşı tətbiq etdiyi
tədbirləri gücləndirməyə davam edəcəyini vəd edib. Aİ-nin xarici
siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya
Kallas şənbə günü bildirib ki, Rusiya dizel yanacağına qarşı
sanksiyaların ləğvi Kremlin qonşu Ukraynaya qarşı apardığı
müharibənin davam etməsinə şərait yaradır.
Donald Tramp bazar günü Rusiya ilə Ukrayna arasında “enerji
atəşkəsi”nin əldə olunduğunu da açıqlayıb.
Volodimir Zelenskinin sözlərinə görə isə atəşkəsə əməl olunmur.
O, bazar ertəsi X sosial şəbəkəsində yazıb:
“ABŞ-ın təklif etdiyi enerji atəşkəsini Rusiyanın qəbul etməkdən
imtina etdiyi və əhalimizə qarşı terror xarakterli hava hücumlarını
davam etdirmək niyyətində olduğu getdikcə daha aydın görünür”.
Ukrayna liderinin sözlərinə görə, Rusiya bazar ertəsi Ukraynada
altı enerji infrastrukturuna zərbə endirib.

