Məktəbli formasına dair tələblər dini etiqadla mübarizə deyil, təhsil mühitində bərabərliyin qorunmasıdır – Şərh

Baş səhifə

Bakı. Trend:

Məktəbli formasına dair tələblər dini etiqad azadlığının
məhdudlaşdırılması kimi deyil, dövlət məktəbinin dünyəvi və neytral
təhsil məkanı kimi qorunması, şagirdlər arasında bərabərliyin təmin
edilməsi baxımından qiymətləndirilməlidir.

Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin Elm və təhsil
komitəsinin üzvü, deputat Sevinc Fətəliyeva deyib.

Onun sözlərinə görə, məktəbli forması ilə bağlı müzakirələr
təkcə şagirdlərin geyimi məsələsini deyil, dövlət məktəbinin
mahiyyətini, uşaqların bərabərliyini, onların dünyagörüşünə
böyüklərin təsirinin sərhədlərini və təhsil mühitində qorunmalı
olan dəyərləri əhatə edir.

Deputat qeyd edib ki, 2026-cı ildə “Ümumi təhsil haqqında”
Qanuna edilmiş dəyişikliklərlə milli xarakter və dünyəvilik ümumi
təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri sırasına daxil
edilib. Bu prinsip milli və ümumbəşəri dəyərlərin qorunması və
onların dialektik vəhdətinin təmin edilməsi əsasında dünyəvi ümumi
təhsil sisteminin yaradılmasını və inkişafını nəzərdə tutur. Dövlət
ümumi təhsil müəssisələrində həm şagirdlər, həm də müəllimlər
müəyyən edilmiş geyim tələblərinə riayət etməlidirlər.

S.Fətəliyeva vurğulayıb ki, dünyəvilik dinin inkarı və ya
dindarlara qarşı mübarizə demək deyil. Azərbaycanda İslama, digər
ənənəvi dinlərə, dini və mədəni irsə hörmət dövlət siyasətinin
tərkib hissəsidir. Məscid və ziyarətgahlar bərpa edilir, dini
icmalar dəstəklənir, ilahiyyat təhsili inkişaf etdirilir,
dinlərarası dialoq təşviq olunur. Buna görə də dünyəvi məktəbin
tələblərini dini etiqad azadlığının məhdudlaşdırılması kimi təqdim
etmək düzgün deyil. Yetkin insanların dini seçim azadlığı qanunla
qorunur, lakin dövlət məktəbinin necə bir təhsil mühiti olması
ayrıca məsələdir.

Deputatın fikrincə, məktəb uşaqların ailələrinin maddi
imkanlarından, valideynlərinin baxışlarından, sosial
mənsubiyyətindən və dini həyat tərzindən asılı olmayaraq bərabər
şəraitdə təhsil aldığı məkan olmalıdır. Vahid məktəbli forması
zahiri fərqləri və sosial statusun nümayişini minimuma endirir,
geyimin qiyməti və dəbdəbəsi üzərindən rəqabəti azaldır, məktəb
kollektivinə mənsubiyyət hissini gücləndirir. Bu, eyni zamanda
məsuliyyətin formalaşmasına, sosial təbəqələşmə və ayrı-seçkilik
risklərinin azalmasına xidmət edir.

S.Fətəliyeva bildirib ki, Nazirlər Kabinetinin 21 sentyabr
2026-cı il tarixli 309 nömrəli Qərarı ilə vahid məktəbli formasının
bütövlüyünü pozan və ya ümumi təhsilin dünyəvilik prinsipinə uyğun
olmayan geyim elementlərinə yol verilməməsi müəyyənləşdirilib.
Bununla yanaşı, Azərbaycan xalqının tarixinə, mədəniyyətinə və
milli-mənəvi dəyərlərinə həsr olunan tədbirlərdə pedaqoji şuranın
qərarı ilə milli geyimdən və onun elementlərindən istifadə edilə
bilər. Bu yanaşma standart məktəbli forması ilə mədəni özünüifadə
imkanlarının fərqləndirilməsinə əsaslanır.

Deputat xüsusilə hicab məsələsinin həssas yanaşma tələb etdiyini
vurğulayıb. O bildirib ki, yetkin qadının dinə münasibətini
müstəqil müəyyənləşdirmək və seçiminə uyğun həyat tərzi sürmək
hüququ var. Uşaqların vəziyyəti isə fərqlidir: onların dünyagörüşü
hələ formalaşır və qərarları ailə və ətraf mühitin təsirindən asılı
ola bilər. “Uşaq hüquqları haqqında” Qanuna əsasən, valideynlər
uşaqlarını öz dini əqidələrinə uyğun tərbiyə edə bilərlər, lakin
uşağın dini etiqada məcbur edilməsi yolverilməzdir.

“Yetkin insanın dini seçimini məktəb yaşlı uşağın dini
atributlardan istifadə etməsi ilə avtomatik şəkildə eyniləşdirmək
olmaz. Söhbət qız uşağını gələcəkdə hicab taxmaq hüququndan məhrum
etməkdən getmir. Əksinə, cəmiyyətin vəzifəsi elə şərait yaratmaqdır
ki, bu seçim bir gün həqiqətən də onun öz seçimi olsun”, – deyə
deputat bildirib.

Onun sözlərinə görə, məktəb yalnız fənlərin tədris olunduğu
müəssisə deyil, həm də ictimai münasibətlərin formalaşdığı
mühitdir. Uşaqlar burada fərqli mənşəyə, ailə ənənələrinə, maddi
imkanlara və baxışlara malik insanlarla birgə yaşamağı öyrənirlər.
Şagirdlərin xarici görünüşünün onların dini və ya sosial
mənsubiyyətinin daimi göstəricisinə çevrilməsi məktəbdə aradan
qaldırılmalı olan bölgülərin daha da dərinləşməsinə səbəb ola
bilər. Buna görə də vahid forma intizamla yanaşı, sosial adaptasiya
və bərabərlik baxımından da əhəmiyyətlidir.

S.Fətəliyeva əlavə edib ki, Prezident İlham Əliyev ideoloji
təhlükəsizlik məsələlərinə toxunarkən təhsilin xarici ideoloji
təsirlərə qarşı cəmiyyətin immunitetinin formalaşmasında rolunu
vurğulayıb. Müasir dövrdə gənclərə təsir sosial şəbəkələr, internet
platformaları və müxtəlif təbliğat resursları vasitəsilə, dövlət
sərhədlərini aşaraq həyata keçirilir. Belə şəraitdə müstəqil
düşünmək və informasiyanı tənqidi qiymətləndirmək bacarığı milli
dayanıqlığın mühüm elementinə çevrilir. Burada söhbət dini geyimdən
və ya dindar ailələrdən deyil, məktəbin uşaqlara istənilən təsiri
şüurlu şəkildə qiymətləndirməyi öyrətməsindən gedir.

“Ən mühüm sərhəd də məhz buradan keçir: məktəb uşağa nə dini, nə
də dinə qarşı kimlik aşılamalıdır. Məktəb ona bilik verməlidir.
Məktəbi bitirdikdən sonra gənc öz dünyagörüşünü, dinə münasibətini,
həyat tərzini və şəxsi əqidəsini ifadə formasını özü
müəyyənləşdirəcək”, – deyə deputat vurğulayıb.

O qeyd edib ki, məktəbli formasına dair tələblər dini inancla
mübarizə kimi deyil, təhsilin neytral məkanının qorunması prinsipi
əsasında qiymətləndirilməlidir. Dövlət məktəbində vahid qaydalar
bütün şagirdlərə eyni şəkildə tətbiq edilməli, uşaqlar dini və
sosial mənsubiyyətlərinə görə fərqləndirilməməlidirlər.

Deputatın fikrincə, dövlət məktəbinin qorumağa borclu olduğu
bərabərlik prinsipi məhz bundan ibarətdir.