
Bakı. Trend:
Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT
Forumu bəyanat yayıb.
Bəyanatda deyilir:
“Son günlər İran və digər xarici ölkələrin internet
resurslarında Azərbaycanın nümunəvi dünyəvi dövlətçilik modelini
hədəfə alan, ölkəmizdə şəriət prinsiplərinə əsaslanan dövlət
quruluşunun tətbiqini təşviq edən, Azərbaycanda ictimai rəyi
çaşdırmağa və cəmiyyətdə süni şəkildə qarşıdurma yaratmağa yönəlmiş
informasiya hücumlarını müşahidə edirik. Xüsusilə məktəblərdə
şagirdlərin və müəllimlərin geyim qaydaları ətrafında aparılan
müzakirələrin məqsədyönlü şəkildə siyasiləşdirilməsini, bu
məsələnin dini qarşıdurma müstəvisinə keçirilməsinə təhrikləri
qətiyyətlə pisləyirik.
Sıralarında yüzlərlə QHT-ni birləşdirən çətir təşkilat olaraq,
Azərbaycan cəmiyyətini milli maraqlarımıza, Konstitusion
dəyərlərimizə və ictimai həmrəyliyimizə qarşı yönəlmiş informasiya
təxribatlarına qarşı ayıq-sayıq olmağa çağırırıq.
Dünyəvilik Azərbaycanın tarixi nailiyyəti, dövlətçilik ənənəsi
və milli sərvətidir. Azərbaycan müsəlman Şərqində, Türk dünyasında
dünyəvi dövlətçilik ənənəsini formalaşdıran ilk ölkə kimi tarixə
düşüb. Xalqımız dini-mənəvi dəyərlərinə hər zaman böyük ehtiramla
yanaşıb, İslam xalqımızın tarixi-mədəni irsinin mühüm tərkib
hissəsinə çevrilib. Dövlət bayrağımızdakı yaşıl rəng də xalqımızın
İslam sivilizasiyası ilə tarixi-mədəni bağlılığının rəmzidir.
Bununla yanaşı, Azərbaycan dövlətçiliyinin gücü həm də müxtəlif
dinlərin nümayəndələrinin bir ailə kimi sülh və qarşılıqlı hörmət
şəraitində yaşamasında təzahür edir. Ölkəmizdə məscidlər, kilsələr
və sinaqoqlar yanaşı fəaliyyət göstərir. Dövlət tərəfindən dini
ibadət yerlərinin qorunması, tarixi abidələrin bərpası və yeni
ibadət məkanlarının inşasına göstərilən diqqət Azərbaycanın dini
tolerantlıq və birgəyaşayış ənənələrinin bariz nümunəsidir.
İşğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa və quruculuq
işlərinin məhz məsciddən başlaması (Ağdam Cümə məscidi) və Şuşa
azad edildiyi anda atəş səsləri altında azan səsinin ucalması
xalqımızın İslama bağlılığının və dini dəyərlərinə ehtiramının
rəmzi kimi yaddaşlarda qalıb.
Dini dəyərlərdən siyasi məqsədlərlə istifadə etmək, dini
inancları cəmiyyətdə qarşıdurma vasitəsinə çevirmək isə nə İslamın
mənəvi mahiyyətinə, nə də xalqımızın əsrlər boyu formalaşmış
birgəyaşayış ənənələrinə uyğundur.
Bu gün təhsil müəssisələrində hamı üçün müəyyən edilmiş
qaydalara əməl olunması ümumi hüquqi çərçivənin tələbidir. Bu
qaydaların tətbiqi nə dini dəyərlərə qarşı yönəlib, nə də
vətəndaşların məktəbdənkənar şəxsi həyatını tənzimləmək məqsədi
daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq
qərarı ilə müəyyən edilmiş şagird geyim formalarına dair tələblərdə
vahid geyim formasını pozan və ümumi təhsilin dünyəvilik prinsipinə
uyğun olmayan geyim elementlərindən istifadəyə yol verilmədiyi
bildirilir. Eyni zamanda, təhsilverənlərin geyiminə dair tələblər
də müəllimlərin peşəkar görünüşünün və təhsil mühitinin dünyəvi
xarakterinin qorunmasını nəzərdə tutur.
Azərbaycan Milli QHT Forumu olaraq təhsil müəssisələrində geyim
qaydalarının qanunvericiliyə uyğun, ardıcıl, şəffaf və hamı üçün
bərabər şəkildə tətbiqini dəstəkləyirik. Çünki məktəblər dini
təbliğatın və ideoloji təsirlərin deyil, elmin, təhsilin,
milli-mənəvi dəyərlərin və azad düşüncənin inkişaf etdiyi məkanlar
olmalıdır.
Dinin dövlətdən ayrı olduğu cəmiyyət Azərbaycan xalqının şüurlu
seçimidir, bu dəyərə hücumlar heç bir nəticə verə bilməz. Dini
xurafat, dini mövhumatçılıq keçmişin qalıqlarıdır və Azərbaycan
Maarifçilik Hərəkatı bu eybəcərliklərə qarşı əzmkarlıqla mübarizə
aparıb, sivil dövlətçilik əsaslarını formalaşdırıb. Azərbaycanı
həmin qaranlıq dövrlərə, cəhalətə sürükləmək istəyənlər,
Azərbaycanı “mollalaşdırmaq”, “iranlaşdırmaq” və dini ehkamlar
əsasında idarə olunan dövlətə çevirmək istəyənlər niyyətlərinə nail
olmayacaqlar.
Azərbaycan cəmiyyəti öz dini dəyərlərinə sahib çıxmaqla yanaşı,
dünyəvi dövlətçilik prinsipini də qətiyyətlə qorumaq əzmindədir.
Hesab edirik ki, bu məsələdə əsas meyar emosiyalar, təxribatçı
çağırışlar və xaricdən yönləndirilən təbliğat deyil, Azərbaycan
Respublikasının Konstitusiyası, qanunvericiliyi və milli maraqları
olmalıdır.
Milli həmrəylik və ictimai sabitlik hamımızın məsuliyyətidir.
Azərbaycan Milli QHT Forumu olaraq vətəndaş cəmiyyəti
nümayəndələrini, ziyalıları, müəllimləri, valideynləri, media
subyektlərini və bütövlükdə ictimaiyyəti dini həssaslıqlardan
sui-istifadə edən, cəmiyyəti parçalamağa yönəlmiş informasiya
kampaniyalarına qarşı prinsipial mövqe nümayiş etdirməyə çağırırıq.
Vətəndaşlarımızı təxribatlara uymamağa, məsələlərə hüquqi, milli və
ictimai maraqlar baxımından yanaşmağa dəvət edirik. Qanunun
aliliyi, milli həmrəylik və dünyəvilik dövlətimizin və
cəmiyyətimizin ayrılmaz dayaqlarıdır. Bu dəyərlərin qorunması hər
birimizin vətəndaşlıq borcudur”.

