Livanda Suriyadakı ən qanlı qətliamlarından birinin əsas şübhəlisi həbs edilib

Baş səhifə

Bakı. Trend:

Suriyanın təhlükəsizlik orqanlarındakı mənbənin məlumatına görə,
Suriya hakimiyyəti cümə axşamı Livanda ələ keçirilən, təxminən 250
mülki şəxsin qətlə yetirildiyi qətliamın əsas təşkilatçısının həbs
olunduğunu açıqlayıb.

Rəsmi SANA agentliyi bildirib: “Ümumi Kəşfiyyat İdarəsinin
əməkdaşları 2013-cü ildə Baniasda törədilmiş qətliamın əsas
şübhəlisi olan, Mihrac Ural adı ilə tanınan Əli Kayalını sərhədi
keçərək qaçmağa cəhd göstərdiyi zaman saxlayıblar”. Agentlik hansı
sərhəddən söhbət getdiyini dəqiqləşdirməyib. Əli Kayalı vətəndaş
müharibəsi zamanı prezident Bəşər Əsədin qoşunlarının tərəfində
döyüşən yarımhərbi qruplaşmanın üzvü olub.

Suriyanın təhlükəsizlik orqanlarındakı mənbə onun “Livan tərəfi
ilə koordinasiya şəraitində keçirilən təhlükəsizlik əməliyyatı
zamanı Livanda saxlanıldığını” bildirib.

2024-cü ilin sonlarında islamçı koalisiya tərəfindən devrilən
Bəşər Əsədin hakimiyyətdən getməsindən və onun Livandakı müttəfiqi
“Hizbullah”ın zəifləməsindən sonra Suriya və Livan ikitərəfli
münasibətlərində yeni səhifə açmağa çalışırlar.

Human Rights Watch (HRW) təşkilatının məlumatına görə, 2013-cü
il mayın 2-si və 3-də Tartus sahil vilayətinin əhalisinin
əksəriyyəti sünnilərdən ibarət olan Bayda və Banias yaşayış
məntəqələrində hökumət qüvvələri və hökumətyönlü silahlı
birləşmələr tərəfindən azı 248 nəfər məhkəməsiz edam edilib.

HRW bu qətliamları Suriya vətəndaş müharibəsinin “ən çox insan
tələfatına səbəb olan kütləvi edam epizodlarından biri” kimi
qiymətləndirib. Suriya İnsan Hüquqları üzrə Müşahidə Mərkəzinin
(OSDH) məlumatına görə, Banias və Bayda qətliamlarında ölənlərin
ümumi sayı təxminən 400 nəfərdir.

Suriyanın ədliyyə naziri Məzhar Əl-Veys X sosial şəbəkəsində
verdiyi açıqlamada bu həbsi belə şərh edib: “Bu həbs açıq mesaj
verir: Suriyada cinayətkarların cəzasız qalmasına yer yoxdur (…)
aradan nə qədər vaxt keçməsindən asılı olmayaraq”.

Türkiyənin rəsmi Anadolu agentliyinin məlumatına görə, 1956-cı
ildə Antakyada (keçmiş Antioxiya) anadan olan Mihrac Ural Türkiyədə
həbsdə olub, 1982-ci ildə isə ölkədən qaçaraq Suriyada məskunlaşıb.
Əsəd ailəsinə yaxın şəxslərdən biri ilə evlənən Ural keçmiş
prezident Hafiz Əsədin (1930–2000) qardaşı Cəmil Əsədlə sıx
əlaqələr qurub və böyük sərvət əldə edib.




Türkiyə agentliyinin məlumatına görə, vətəndaş müharibəsi zamanı
Ural Suriyadakı rejimlə müttəfiq olan və Tartusun şimalında,
Latakiya vilayətinin bəzi ərazilərinə nəzarət edən yarımhərbi
qruplaşmaya rəhbərlik edib. Həmin qruplaşma Banias və Bayda
qətliamlarında iştirak edib.

Anadolu agentliyinin istintaqı aparan prokurorluğun sənədlərinə
istinadən yaydığı məlumata görə, Ural həmçinin Əsədin kəşfiyyat
xidmətlərinin köməyi ilə 2013-cü il mayın 11-də Türkiyənin
cənub-şərqində yerləşən Reyhanlı şəhərində 53 nəfərin ölümünə səbəb
olan ikiqat avtomobil partlayışını təşkil etməkdə şübhəli
bilinir.

Türkiyənin xüsusi xidmət orqanları bu yaxınlarda həmin ikiqat
terror aktının əsas şübhəlilərindən birini həbs ediblər. 2011-ci
ildə başlayan Suriya vətəndaş müharibəsinin Türkiyəyə təsirləri ilə
əlaqəli ən qanlı hücum hesab olunan bu terror aktı nəticəsində 53
nəfər həlak olmuşdu. Müharibə çox sayda suriyalının qonşu Türkiyəyə
sığınmasına səbəb olub.

Suriyanın yeni islamçı hakimiyyəti Əsəd rejiminin təhlükəsizlik
xidmətlərinin onlarla keçmiş rəhbər və əməkdaşını həbs edib.
Onların məhkəmə prosesləri aprel ayında başlayıb.

Prezident Əhməd əş-Şaraanın media məsələləri üzrə müşaviri Əhməd
Zeydan X sosial şəbəkəsində Əli Kayalının həbsini alqışlayıb. O,
Kayalını “Suriya müharibəsi zamanı, o cümlədən Bayda və Baniasda
qətliamlar törətmiş cinayətkar” adlandırıb və xəbərdarlıq edib:
“Qətllərdə əli olan hər bir cinayətkar təqib ediləcək”.

Livan hakimiyyəti də sentyabr ayında Bəşər Əsədin uzaq
qohumlarından birini, daha əvvəl isə Suriyanın keçmiş kəşfiyyat
zabitini və Suriyanın yeni hökumət qüvvələrinə qarşı hücumlar
planlaşdırmaqda şübhəli bilinən bir neçə əlbir şəxsi həbs edib.

Avqust ayında Beyrut Əsəd dövrünün keçmiş generalını Dəməşqə
təhvil verib. Həmin şəxs qətl və işgəncə də daxil olmaqla, müxtəlif
cinayətlərdə ittiham olunur.