Bakı. Trend:
Koreya Respublikası Silahlı Qüvvələri Baş Qərargah Rəisləri
Komitəsinin nümayəndələri bildiriblər ki, KXDR hərbçiləri bir ay
ərzində demarkasiya xəttini 20 dəfədən çox keçiblər. Bu barədə
Yonhap agentliyi məlumat yayıb.
2025-ci il ərzində belə insidentlərin sayı 17 olub. Seul adətən
bu cür hallarla bağlı açıqlamalarında hərbi demarkasiya xəttinin
keçilməsini qəsdən törədilmiş hərəkət hesab etmədiyini bildirirdi.
Koreya Xalq Ordusu 2024-cü ildən etibarən sərhədin
möhkəmləndirilməsi ilə məşğuldur. Bu işlərə hasarların və minaların
quraşdırılması, ərazinin təmizlənməsi, eləcə də sıx bitki örtüyü
olan ərazilərdə patrul xidmətinin həyata keçirilməsi daxildir.
“Bu il daha əvvəl iş aparılmamış ərazilərdə işlər görülür və
pozuntular qeydə alınıb. Biz hesab etmirik ki, Şimali Koreya ordusu
hərbi demarkasiya xəttini fəaliyyət xarakterinin dəyişməsi və ya
hər hansı xüsusi aktivlik nəticəsində keçib”, – deyə Koreya
Respublikası Silahlı Qüvvələri Baş Qərargah Rəisləri Komitəsinin
nümayəndəsi bildirib. Onun sözlərini agentlik yayıb.
Avqustun ortalarında yarımadanın şərq hissəsində belə hallardan
birincisi qeydə alınıb və sərhəd keçidlərinin əksəriyyəti də məhz
burada baş verib. Koreya Respublikası Silahlı Qüvvələrinin
nizamnaməsinə əsasən, hərbi demarkasiya xəttinin mümkün keçilməsi
əlamətləri aşkar edildikdə, əvvəlcə xüsusi avadanlıq vasitəsilə
xəbərdarlıq edilir. Daha sonra Cənubi Koreya tərəfinin
qiymətləndirməsinə görə xəttin keçildiyi müəyyən edilərsə,
xəbərdarlıq atəşi açılır. Ötən ay ərzində də belə hallar baş verib.
Adətən KXDR hərbçiləri bundan sonra öz ərazilərinə geri
çəkilirlər.
Yonhap-ın məlumatına görə, Koreya Respublikası Silahlı Qüvvələri
Koreya müharibəsində atəşkəs şərtlərinə əməl olunmasına nəzarət
edən BMT Komandanlığına müraciət edib. BMT Komandanlığına amerikalı
general rəhbərlik edir.
“Biz atəşkəs sazişinə uyğun olaraq demilitarizasiya olunmuş zona
daxilindəki fəaliyyətləri müşahidə etməyə davam edir və Koreya
Respublikası ilə koordinasiya aparırıq. Səhv anlaşılma risklərini
azaltmaq məqsədilə atəşkəs sazişinin icrası, həmçinin Koreya
yarımadasında sabitliyin və sülhün qorunması istiqamətində
səylərimizi davam etdiririk”, – deyə BMT Komandanlığından
bildirilib.
2023-cü ilin sonunda KXDR lideri Kim Çen In Koreya
Respublikasını düşmən dövlət adlandırıb. Bundan sonra Şimali
Koreyada sərhədin möhkəmləndirilməsi üzrə işlərə başlanılıb.

