
Bakı.Trend:
İslam Əmək Mərkəzi ilə Seneqal Respublikasının Dövlət Xidməti,
Əmək və İctimai xidmət islahatları Nazirliyi 24-cü Ümumdünya Əməyin
Təhlükəsizliyi və Gigiyenası Konqresi çərçivəsində strateji
tərəfdaşlıq haqqında Anlaşma Memorandumu imzalayıb.
Trend-in tədbirdə
iştirak edən müxbirinin verdiyi məlumata görə, sənədi İslam Əmək
Mərkəzinin baş direktoru Azər Bayramov və Seneqal Respublikasının
dövlət xidməti, əmək və ictimai xidmət islahatları naziri Mamadu
Lamin Diante imzalayıblar.
Memoranduma əsasən, İslam Əmək Mərkəzi 2027-ci il aprelin 26-dan
30-dək Dakarda keçiriləcək 24-cü Ümumdünya Əməyin Təhlükəsizliyi və
Gigiyenası Konqresində strateji tərəfdaş qismində iştirak
edəcək.
Strateji tərəfdaşlıq çərçivəsində rəqəmsallaşmanın və süni
intellektdən istifadənin əməyin təhlükəsizliyi və gigiyenasına
təsiri, eləcə də bu sahədə tədqiqatlar, texniki əməkdaşlıq və
praktiki həllərin hazırlanması məsələlərinə diqqət yetirilib.
Memorandumun imzalanmasından əvvəl, sentyabrın 4-də İslam Əmək
Mərkəzinin baş direktoru Azər Bayramov ilə Seneqal Respublikasının
dövlət xidməti, əmək və ictimai xidmət islahatları naziri Mamadu
Lamin Diante arasında ikitərəfli görüş keçirilib.
Görüş zamanı tərəflər mövcud əməkdaşlığın genişləndirilməsi
perspektivlərini, xüsusilə də əməyin təhlükəsizliyi və gigiyenası
sahəsində gələcək birgə fəaliyyət istiqamətlərini müzakirə
ediblər.
Müzakirələrin əsas mövzularından biri 2027-ci ildə Dakarda
keçiriləcək 24-cü Ümumdünya Əməyin Təhlükəsizliyi və Gigiyenası
Konqresinə hazırlıq, eləcə də Konqres çərçivəsində İslam Əmək
Mərkəzi ilə Seneqal arasında strateji tərəfdaşlığın qurulması
olub.
Azər Bayramov əməyin təhlükəsizliyi və gigiyenasının İslam Əmək
Mərkəzinin fəaliyyətinin əsas istiqamətlərindən biri olduğunu qeyd
edib. O, peşə risklərinin qarşısının alınmasına yönəlmiş
qabaqlayıcı yanaşmaların təşviqinin, təhlükəsiz və sağlam iş
mühitinin formalaşdırılmasının, habelə üzv dövlətlər arasında
bilik, təcrübə və qabaqcıl yanaşmaların mübadiləsinin
genişləndirilməsinin vacibliyini vurğulayıb.
Öz növbəsində, Mamadu Lamin Diantе Ümumdünya Konqresinin ilk
dəfə Afrika qitəsində keçirilməsinin xüsusi əhəmiyyət daşıdığını
bildirib. Nazir qeyd edib ki, Konqres müxtəlif ölkələrin
təcrübəsinin, əməyin təhlükəsizliyi və gigiyenası sahəsində
innovativ həllərin və müasir yanaşmaların beynəlxalq səviyyədə
təqdim və müzakirə olunması üçün mühüm platformaya çevriləcək.
O vurğulayıb ki, İslam Əmək Mərkəzinin strateji tərəfdaş
qismində iştirakı İƏT-ə üzv dövlətlərin Konqresdə fəal iştirakına,
həmçinin bu sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsinə
töhfə verəcək.
Qeyd edək ki, Seneqallı nazir Mamadu Lamin Diantenin rəhbərlik
etdiyi nümayəndə heyəti 3-4 sentyabr 2026-cı il tarixlərində
işgüzar səfərlə Azərbaycanda olub.
Səfər İslam Əmək Mərkəzi tərəfindən təşkil edilib.

