Bakı. Trend:
İran Yəməndəki üsyançı “Ənsar Allah” hərəkatı (husilər) ilə
Səudiyyə Ərəbistanı arasında münaqişənin dinc yolla nizamlanmasına,
tərəflərin belə bir xahişlə müraciət edəcəkləri təqdirdə, yardım
göstərməyə hazırdır.
Bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi
İsmayıl Bəqai jurnalistlərlə deyib.
“İran İslam Respublikası hərbi əməliyyatların dayandırılmasına
kömək etmək məqsədilə hər zaman xoşməramlı vasitəçilik xidmətləri
göstərməyə hazır olub və hər iki tərəfin müraciəti əsasında bu
məqsədlə bütün imkanlarından istifadə etməyə hazırdır”, – deyə İran
Xarici İşlər Nazirliyi Baqainin sözlərini özünün “Telegram”
kanalında yayıb.
Baqai Səudiyyə Ərəbistanı ilə husilər arasında fikir
ayrılıqlarının dialoq və diplomatiya yolu ilə aradan
qaldırılmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, son 12
ildə baş verən hadisələr göstərib ki, kənardan müdaxilə, hərbi
üsullar və blokada Yəmən probleminin həllinə imkan vermir.
XİN nümayəndəsi Tehranın “Ənsar Allah” hərəkatının Səudiyyə
Ərəbistanına qarşı hücumlarında iştirakına dair iddiaları da təkzib
edib.
“Yəmənin silahlı qüvvələri (burada husilər nəzərdə tutulur –
TASS-ın qeydi) öz maraqları və qiymətləndirmələri əsasında hərəkət
edirlər”, – deyə diplomat bildirib. O əlavə edib ki, İran
münaqişənin daha da kəskinləşməsini tərəflərdən heç biri üçün
faydalı hesab etmir.

