İnformasiya və rabitə sektoru üzrə biznes kredit portfeli böyüyüb

Baş səhifə

Bakı. Trend:

Bu ilin avqustun 1-nə Azərbaycan banklarının informasiya və
rabitə sektoru üzrə biznes kredit portfeli 792,8 milyon manat
təşkil edib.

Trend-in
Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatları əsasında
hesablamasına görə, sözügedən sahə üzrə kredit portfeli aylıq
müqayisədə 2,1 milyon manat və ya 0,3% az, ötən ilin eyni dövrünə
nisbətən isə 156,9 milyon manat 24,7% artıb.

Belə ki, informasiya və rabitə sektoru üzrə banklar tərəfindən
verilmiş biznes kreditlərin məbləği 2026-cı ilin iyulun 1-nə 794,9
milyon manat, ötən ilin avqustun 1-nə isə 635,9 milyon manat təşkil
etmişdi.

Qeyd edək ki, 2026-cı ilin avqustun 1-nə Azərbaycanda bankların
kredit portfeli 32,095 milyard manat olub. Kredit portfelinin
strukturunda biznes kreditlәri 54% (17,333 milyard manat), istehlak
kreditlәri 31,3% (10,037 milyard manat) vә ipoteka kreditlәri 14,7%
(4,725 milyard manat) təşkil edib.




Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov da iyulun
31-də faiz dəhlizinin parametrlərinə dair keçirilən mətbuat
konfransda bank sektorunda kreditləşmənin genişlənməsi üçün kifayət
qədər maliyyə imkanlarının olduğunu bildirib.

Onun sözlərinə görə, hazırda bank sektorunda məcburi ehtiyatlar
nəzərə alınmadan 6 milyard manat həcmində izafi likvidlik
mövcuddur.

“Bizim likvidliklə bağlı bütün tələblərimizə bank sektoru tam
riayət edir. Həmin tələblər nəzərə alınmaqla belə, ümumi
hesablamalara əsasən bank sektorunun 4,6 milyard manat sərbəst
vəsaiti mövcuddur. Banklar bu vəsaitləri həm kapitallaşmaya, həm də
kreditləşməyə yönəldə bilərlər”, – deyə Taleh Kazımov bildirib.

AMB sədrinin açıqlaması göstərir ki, bank sistemində mövcud olan
sərbəst likvidlik biznes, istehlak və ipoteka kreditlərinin daha da
genişləndirilməsi üçün əlavə imkan yaradır. Bu isə kredit
portfelində biznes kreditlərinin üstün mövqeyini qoruması fonunda
iqtisadiyyatın real sektorunun maliyyələşdirilməsinin gələcəkdə də
artacağına işarə edir.