İndoneziya Azərbaycanla Qarabağın bərpası istiqamətində əməkdaşlığı müzakirə edəcək

Baş səhifə

Bakı.Trend:

İndoneziya Azərbaycanla enerji sektoruna birgə investisiya
imkanlarını, yeni innovativ istiqamətlərin inkişafını və Qarabağın
bərpası sahəsində əməkdaşlığı müzakirə etməyi planlaşdırır.

Trend xəbər verir
ki, bu barədə İndoneziyanın Azərbaycandakı səfiri Berlian Helmi
şənbə günü Bakıda keçirilən İndoneziyanın ənənəvi döyüş sənəti
Pencak silatın təbliğinə həsr olunmuş tədbirdə jurnalistlərə
açıqlamasında bildirib.

Onun sözlərinə görə, İndoneziya xarici işlər nazirinin
müavininin Azərbaycan tərəfi ilə keçirəcəyi görüşlərin gündəliyinə
üç istiqamət daxil olacaq: siyasi məsləhətləşmələr və siyasi kursun
hazırlanması, iqtisadiyyat, ticarət və investisiya sahələrində
əməkdaşlıq, həmçinin sosial-mədəni məsələlər.

Bundan əlavə, səfir bildirib ki, İndoneziyanın investisiyalar
nazirinin müavini ilə görüşlərdə əməkdaşlığın dörd istiqamətinin
müzakirəsi nəzərdə tutulur.




“Birinci istiqamət enerji sektoruna birgə investisiya
imkanlarının araşdırılmasıdır. İkinci istiqamət dayanıqlı inkişaf
üçün yeni innovativ sahələrin öyrənilməsidir. Üçüncü istiqamət
ərzaq təhlükəsizliyi ilə bağlı kənd təsərrüfatı layihələrinin
araşdırılmasıdır. Dördüncü istiqamət isə Qarabağın bərpasında
iştirakımızdır”, – deyə səfir qeyd edib.

O əlavə edib ki, İndoneziya şirkətləri Qarabağın bərpası
layihələri çərçivəsində Azərbaycan şirkətləri ilə əməkdaşlığa
hazırdır.

Berlian Helminin sözlərinə görə, indoneziyalı nazir müavini
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və xarici işlər
naziri Ceyhun Bayramovla görüşlərin qrafikinin razılaşdırılmasını
gözləyir.