Polis əməliyyatlar keçirib: 28 nəfərdən 47 kq narkotik götürülüb - FOTO/VİDEO

15:50 26-11-2021 14

Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının daxil olan məlumat əsasında paytaxtın Nizami rayonu ərazisində həyata keçirdikləri əməliyyat zamanı Bakı şəhər sakini Şakir Məmmədov saxlanılıb.

Bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Onun üzərindən və Maştağa qəsəbəsindəki yaşadığı evin zirzəmisindən 30 kiloqrama yaxın marixuana və narkotik vasitələrin satışı zamanı istifadə etdiyi elektron tərəzi aşkar edilib.
Salyan rayonu ərazisində həyata keçirilən əməliyyat zamanı isə ölkə ərazisinə xaricdəki narkotacirlər tərəfindən qaçaqmalçılıq yolu ilə göndərilən külli miqdarda narkotik vasitəni qəbul edərək satmaq məqsədi ilə paytaxta gətirmək istəyən 3 nəfər – Röyal Vəliyev, Vüqar Mahmudov və Fərhad Abdullayev saxlanılıblar. Onların üzərindən və istifadələrində olan avtomobildən yeddi kiloqramdan artıq heroin və metamfetamin aşkar edilib.

Kürdəmir rayonunda həyata keçirilən əməliyyat zamanı isə Ruslan Atakişiyev saxlanılıb. Onu üzərindən və yaşadığı evdən beş kiloqramdan artıq heroin və metamfetamin aşkar edilərək götürülüb.

Baş İdarə əməkdaşlarının Abşeron rayonunun Saray, Mehdiabad, Masazır qəsəbələri, eləcə də paytaxtın Xətai, Yasamal, Sabunçu, Xəzər və Nizami rayonlarında keçirdikləri növbəti əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 15 nəfər saxlanılıb. Bu şəxslərdən ümumilikdə beş kiloqrama yaxın heroin, metamfetamin, elektron tərəzilər, narkotik vasitələrin onlayn satışı zamanı istifadə etdikləri plastik kartlar, 48 ədəd ekstazi və metadon həbi aşkar edilib.

Baş İdarənin Cənub və Qərb Bölgələrindəki Regional Şöbələrinin Gəncə, Lənkəran şəhərlərində, eləcə də Astara və Cəlilabad rayonlarında həyata keçirdikləri əməliyyatlar zamanı isə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan səkkiz nəfər saxlanılıb. Bu şəxslərdən də külli miqdarda müxtəlif növ narkotik vasitə və elektron tərəzilər aşkar olunaraq götürülüb.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. Qeyd olunan əməliyyatlar zamanı polis əməkdaşları tərəfindən ümumilikdə 47 kiloqram narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb.