Polisdən əməliyyat: Maşınlardan akkumulyator oğurlayan dəstə saxlanıldı

14:40 26-11-2021 11

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aptek və mağazalardan oğurluq edən keçmiş məhkum saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, rayon ərazisindəki iki aptek və iki mağazadan oğurluq etməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş Elməddin Kərimov olduğu müəyyən edilib.

Həmin şəxsin daxil olduğu obyektlərdəki kassalardan ümumilikdə 4 437 manat nağd pul oğurladığı məlum olub. Ətrafında aparılan əlavə əməliyyat-axtarış tədbirləri ilə E.Kərimovun rayon ərazisində yerləşən bir aptekdən də gecə saatlarında 220 manat pul oğurladığı müəyyən edilib.

Polis əməkdaşlarının keçirdikləri digər əməliyyat-axtarış tədbirləri ilə yük avtomobillərinin akkumulyatorlarını oğurlamaqda şübhəli bilinən rayon sakinləri M.Nağıyev, N.Əliyev və S.Əzimzadə saxlanılıblar.

Onların iki ədəd yük maşınından 600 manat dəyərində olan dörd ədəd akkumulyator oğurladıqları müəyyən edilib.

Faktlarla bağlı araşdırma aparılır.