17 min əhalinin istifadə etdiyi yol nə zaman düzəldiləcək? - AÇIQLAMA + VİDEO

14:30 26-11-2021 13

Astara rayonunun Şiyəkəran kəndindəki yol tam yararsız vəziyyətdədir. Kənd sakini yolun keçilməz vəziyyətdə olduğunu və problemi həll etməkdə çətinlik çəkdiklərini bildirib.

Onun sözlərinə görə, yağış suları ilə dolan çökmüş yol uşaqların məktəbə gedib-gəlməyini də mümkünsüz edib.

Astara Rayon İcra Hakimiyyəti başçının müavini Firəngiz Sadıxova milletinsesi.info-a bildirib ki, məsələ ilə əlaqədar Şiyəkəranın icra nümayəndəsi ilə əlaqə saxlayıblar. Onun sözlərinə görə, kənd nümayəndəsi artıq məsələdən xəbərdardır:

“Bizə məlumat verilib ki, qonşu küçədə artıq bərpa işləri aparılıb, ora çınqıl tökülüb və digər məhəlləyə keçmək üzrədirlər. Hazırda hava şəraiti buna imkan vermir. Gözləyirik ki, hava açılsın. Yola ilkin mərhələdə çınqıl töküləcək. Onun asfaltlanması isə digər plana qalıb. Yəni problem həll olunacaq”.

İcra hakimiyyətinin nümayəndəsi əlavə edib ki, hələ bütün küçələrin asfaltlanması nəzərdə tutulmayıb:

“Bu proseslər hissə-hissə həyata keçirilir. İşlər Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən görülür. Lakin bu kimi yollara icra hakimiyyətləri, bələdiyyələr tərəfindən lazım olduqda çınqıl tökülür. Bizdə belə yollar çox deyil. Bu problemlər yağış yağan zaman, qış aylarında özünü büruzə verir. Bir-iki belə məhəllə var idi. Həmin məhəllələr düzəldilib. Bu yol da hava açılan kimi düzəldiləcək”.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli milletinsesi.info-a bildirib ki, Astara rayonunda 11 kilometr uzunluğunda, altı yaşayış məntəqəsini birləşdirən, 17 min əhalinin yaşadığı Çayoba-Pensər-Şiyəkəran-Şahağacı yolunun yenidən qurulması ilə bağlı məsələ dövlət proqramına salınıb:

Maliyyə vəsaiti ayrılan kimi tərəfimizdən bu işlərin icrasına növbəti ildən etibarən başlanılacaq. Ümumilikdə rayon üzrə təmirə ehtiyac olan yolların siyahısı icra hakimiyyəti tərəfindən müvafiq olaraq təqdim olunur və dövlət proqramına salınır. Proqram əsasında da maliyyə vəsaiti ayrıldıqca həmin işlər həyata keçirilir. Təmirə ehtiyacı olan yolların siyahısı tərtib olunub, aidiyyəti üzrə göndərilib”.

Nigar Məmmədova