Qadın dünya çempionumuz baş katib təyin olundu

13:50 26-11-2021 13

Azərbaycan Şahmat Federasiyasının (AŞF) rəhbərliyi və İcraiyyə Komitəsinin üzvlərinin yeni tərkibdə keçirilən ilk iclasında qurumun baş katibi təsdiqlənib.

milletinsesi.info-a verilən xəbərə görə, yeniyetmələr arasında dünya çempionu, beynəlxalq qrossmeyster İlahə Qədimova AŞF-nin baş katibi təyin olunub.

46 yaşlı İlahə Qədimova 1992-ci ildə müstəqil Azərbaycana Avropa çempionatının ilk bürünc medalını qazandıran komandanın iki üzvündən biri olub. O, 1992 və 1993-cü ildə 18 yaşadək qız şahmatçılar arasında dünya çempionu olub. 2008-ci ildən aktiv şahmatçı karyerasını başa vuran Qədimovaya 2016-cı ildə FIDE hakimi adı verilib. 

Qeyd edək ki, bu gün keçirilən seçkidən sonra prezident postunda Mərkəzi Bankın sədri Elman Rüstəmovu federasiyanın bunadək vitse-prezidenti olan Mahir Məmmədov əvəzləyib. Faiq Həsənov federasiyanın I vitse-prezidenti və Seymur Talıbov vitse-prezident kimi işini davam etdirəcək.

Səbuhi Musayev