Quram Marxuliya: “Ermənistanla münasibətlər çoxdan yox səviyyəsindədir”

13:30 26-11-2021 11

Bu gün, noyabrın 26-da Soçidə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin görüşü keçiriləcək. Görüşdə Azərbaycanla Ermənistan arasında dövlət sərhədlərinin demarkasiyası, habelə nəqliyyat kommunikasiyalarının açılması məsələləri müzakirə oluna bilər. Dekabrın 15-də isə Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş gözlənilir. Eyni zamanda, Cənubi Qafqaz regionunda bu ilin oktyabrında Gürcüstanın təklif etdiyi daha bir danışıqlar platforması var. Söhbət “Dinc Qonşuluq Təşəbbüsü” və ya “Azərbaycan və Ermənistan arasında kommunikasiya platforması”ndan gedir.

Gürcüstan platforması nə dərəcədə effektiv ola bilər? Tarix elmləri doktoru, Qafqaz Beynəlxalq Geosiyasət Tarixinin Öyrənilməsi Mərkəzinin prezidenti, gürcüstanlı analitik Quram Marxuliya milletinsesi.info-a müsahibəsində qeyd edib ki, “Gürcüstan təbii ki, Almaniya deyil, lakin bu ideyanın perspektivi var. Azərbaycanla Ermənistan arasında münasibətlərin tənzimlənməsində Gürcüstanın rolu çox nəzərə çarpa bilər. Xatırladaq ki, Tbilisi minalanmış xəritələrin Azərbaycana verilməsi prosesində iştirak edib. Məhz Gürcüstan hökumətinin vasitəçiliyi ilə İrəvan Azərbaycanın işğaldan azad edilmiş Ağdam rayonunun minalanmış sahələrinin xəritələrini təhvil verib”.

“Tbilisi bu cür humanitar məsələlərdə fəal kömək edə bilər, bəs nə üçün Bakı və İrəvan bu imkanlardan istifadə etməsinlər? Amma Gürcüstan siyasi həll yolları təklif edərək açıq şəkildə müdaxilə edə bilməz. Nəzərə almaq lazımdır ki, gürcü xalqı tamamilə Azərbaycanın tərəfindədir. Bizim hökumətimiz indi sülh təşəbbüsləri təklif edir və bu, ancaq alqışlana bilər”, - deyə gürcüstanlı ekspert vurğulayıb.

- Oktyabrda Azərbaycan və Gürcüstan müdafiə sahəsində əməkdaşlıq planı imzaladılar, ölkələrimizin hər zaman danışacaqları bir şey var. Ermənistanda isə, belə yaxın Azərbaycan-Gürcüstan münasibətlərini nəzərə alsaq, Gürcüstana qarşı o qədər də mehriban deyillər. Mən hələ mətbuatda vaxtaşırı Ermənistanın Gürcüstana qarşı ərazi iddialarını açıq formada bəyan edən materialların çıxmasını demirəm...

- Sözsüz, dediyim kimi, Azərbaycan gürcülərə daha yaxındır. Tbilisi və Bakı geosiyasi müttəfiqlərdir, bu, hər şeyi deyir. Bakı Gürcüstan rəhbərliyinin səmimiliyinə şübhə etməməlidir. Gürcüstan Azərbaycanla müqavilələr bağlayır və onları həyata keçirəcək. Amma bizim Ermənistanla münasibətlərimiz çoxdan yox səviyyəsindədir”.

Yada salaq ki, ermənilər Gürcüstanda yaxşı yaşayırdılar. Abxaziyada müharibə başlayanda isə bir çox erməni dərhal düşmən tərəfinə keçdi və öz vəhşilikləri ilə seçilən Baqramyan adına batalyon yaratdılar. Ermənilərin Abxaziya münaqişəsi zamanı törətdikləri xəyanətləri yaxşı xatırlayırıq.

Və təəccüblü deyil ki, keçən il 44 günlük müharibə zamanı gürcü cəmiyyəti, gürcü xalqı Azərbaycanı dəstəklədi, azərbaycanlıların uğurlarına səmimi rəğbət bəslədi və sevindi.

- Dekabrın ilk ongünlüyündə ABŞ-ın təşəbbüsü ilə onlayn keçiriləcək “Demokratiya sammiti” barədə nə düşünürsünüz? Belə fikirlər var ki, Qərb dünyanın regionlarını, o cümlədən bizim regionları parçalayır. Azərbaycan, Türkiyə və Rusiya dəvət almayıb. Gürcüstan və Ermənistan isə dəvətlidir...

- Bu, Qərbin həmişə ikili standartlara söykənən siyasətidir. Ümumiyyətlə bu sammit nə üçündür? Məgər o Azərbaycan üçün maraqlıdır? Bu virtual görüşün iştirakçılarına nə verəcək? Bu videokonfrans hansısa təsir yarada bilərmi? Ən əsası odur ki, Bakı iqtisadi, siyasi, hərbi baxımdan müstəqil siyasətini aparır, Azərbaycan özünü təmin edən, güclü dövlətdir.

Nair Əliyev