Fonddan fermerlərə XƏBƏRDARLIQ

10:30 26-11-2021 12

Azərbaycanda dövlət dəstəyi ilə güzəştli aqrar sığorta mexanizmini həyata keçirən Aqrar Sığorta Fondu 10 hektar və daha artıq əkin sahəsi olan fermerlərə müraciət edib.

Fonddan milletinsesi.info-a verilən məlumatda bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin 1 sentyabr 2021-ci il tarixli fərmanı ilə “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nda dəyişiklik edilib.

Fərmana əsasən, ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsində mühüm rola malik olan bitkilər üzrə 10 hektardan artıq əkin sahələrinə əkin subsidiyaları 3 il ərzində aqrar sığorta olunmaqla veriləcək. Aqrar Subsidiya Şurası tərəfindən müəyyən edilən siyahıya əsasən aqrar sığorta tələbi 7 bitkiyə şamil edilib, bunlar: buğda, arpa, çəltik, çay, limon, fındıq və qarğıdalıdır.

Aqrar sığorta haqqının 50 faizi dövlət tərəfindən ödənilir. Ölkə üzrə orta rəqəmləri nəzərə alanda, 1 hektar taxıl sahəsinin sığorta haqqının fermerlər tərəfindən ödənilən hissəsi regionlar üzrə əsasən 6-12 manat arasında dəyişir ki, bu da fermerlərə dövlət tərəfindən verilən əkin subsidiyasının cüzi hissəsini təşkil edir.

Qeyd edək ki, dekabrın 30-da əkin bəyanları başa çatdıqdan sonra həmin vaxtadək sığorta olunmayan fermerlər və təsərrüfatların əkin subsidiyası alması mümkün olmayacaq.