Gürcüstanda vətəndaşların iki COVID-19 pasportu olacaq

00:45 26-11-2021 10

Gürcüstanda vətəndaşların daxili və xarici istifadə üçün nəzərdə tutulan iki COVID-19 pasportu olacaq.

Bu barədə ölkədə Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib.

Mərkəz rəhbərinin sözlərinə görə, daxili və xarici pasportun əsas fərqi onun etibarlılıq müddətidir.

Bu mərhələdə iki dəfə peyvənd olunmuş və artıq koronavirusa yoluxmuş şəxslər üçün daxili COVID-19 pasportu müddətsizdir. Ancaq vətəndaşların xaricə səyahət edərkən istifadə etdiyi xarici istifadə üçün COVID-19 pasportunun etibarlılığı altı aydır.

COVID-19 pasportu - vətəndaşın koronavirusun statusu ilə bağlı bütün məlumatların daxil edildiyi elektron sənəddir və dekabrın 1-dən qüvvəyə minir.

Gürcüstanda “yaşıl pasport” - restoranlara, kafelərə, barlara, əyləncə mərkəzlərinə, kinoteatrlara, teatrlara, muzeylərə, konsert salonlarına, kazinolara, spa mərkəzlərinə, mehmanxanalara, fitnes salonlarına keçiddir.

Avropa Komissiyası artıq Gürcüstanın COVID-19 pasportunu və QR kodu ilə peyvənd sertifikatlarını tanıyıb. Hazırda Gürcüstan vətəndaşlarının “yaşıl pasportu” olduğu halda onların PCR testindən keçməsi və ya karantində qalması lazım deyil. Koronavirusa yoluxmuş vətəndaşlar üçün QR kodu yoluxma anından 180 gün müddətində etibarlıdır.