Azərbaycanda təhsilalma səviyyəsi AÇIQLANDI

17:55 25-11-2021 9

“Azərbaycanda təhsilalma 98-99 faiz aralığındadır. Uşaqların məktəbə getmək, təhsil almaq imkanlarının məhdudlaşdırılması halları yoxdur”.

milletinsesi.info xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin Dayanıqlı İnkişaf şöbəsinin müdiri Hüseyn Hüseynov deyib.

H.Hüseynov bildirib ki, dövlət tərəfindən kifayət qədər infrastruktur yaradılıb, məktəblər tikilir, təmir edilir:

“Bu mövzuda gender məsələsi də çox önəmlidir. Bu gün dünyada təhsilə çıxış imkanları olmayan şagirdlərin təxminən üçdə birini qız uşaqları təşkil edir. Biz əgər müasir əmək bazarının tələblərinə baxsaq, inklüziv formada həyata keçirilən layihələrin böyük əhəmiyyətinin olduğunu görərik. Bu layihələr şagirdlərin məktəbdəki bilikləri ilə yanaşı, həm də onların əlavə bacarıqlarının artırılmasına, inkişafına xidmət edir”.

“Qlobal iqtisadi forumunun hesablamalarına görə, bu gün məktəbə gedən şagird - on bir illik təhsil, daha sonra bakalavr, magistratura təhsilini oxuduğu iyirmi illik dövrdən sonrakı əmək bazarına daxil olanda mövcud olan peşələrin təxminən 70 %-i qədəri həmin vaxtda mövcud olmayacaq. Bu o deməkdir ki, uşaqlarda istedad erkən yaşda müəyyənləşdirilməlidir. 

Orta məktəbdə onların bilik və bacarıqları ilə paralel əlavə bacarıqları da formalaşdırmalıdır ki, artıq gələcəkdə ixtisas seçimi prosesində müasir trendləri, innovativ yanaşmaları özündə əks etdirən ixtisas seçimi edə bilsinlər. Həmçinin bizim də gələcəkdə əmək bazarında artıq ixtisaslı işçiyə təlabatımızda ciddi boşluq yaranmasın”- nazirlik rəsmisi əlavə edib.

Könül Cəfərli