Ukrayna və Azərbaycan mediası əməkdaşlığa başladı - VİDEO

14:15 25-11-2021 8

Kiyevdə “Ukrayna-Azərbaycan münasibətlərinin inkişafında medianın rolu” adlı beynəlxalq dəyirmi masa keçirilib. 

Dəyirmi masada bildirilib ki, iki ölkə arasında medianın sıx əlaqələr qurmasına tələbat gündən-günə artır. Halbuki, Ukrayna və Azərbaycan ictimaiyyəti bir-birləri haqqında informasiyaları üçüncü ölkə vasitəsi ilə əldə edir. Buna görə də birgə əməkdaşlıq ölkələrdə baş verən hadisələr barədə daha dolğun məlumatların oxuculara çatdırılması üçün vacibdir. “Report” və UNİAN arasında imzalanan memorandum bu istiqamətdə atılmış ilk addımdır. 

Memorandumu “Report” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyevlə UNİAN İnformasiya Agentliyinin şef redaktoru Mixail Qannitskiy imzalayıb. Sənəddə tərəflər arasında məlumat mübadiləsi sahəsində qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur. O cümlədən tərəflər ölkələrinin daxili və beynəlxalq həyatında cərəyan edən hadisələr haqqında operativ və etibarlı informasiyaların müntəzəm mübadiləsini dəstəkləmək barədə razılığa gəliblər. Üstəlik, bu əməkdaşlıq təmənnasız əsasda həyata keçiriləcək. Mərasimdə iştirak edən ictimai-siyasi xadimlər də Ukrayna və Azərbaycan arasında əməkdaşlığı genişləndirən memorandumun imzalanmasını yüksək qiymətləndirib. Tədbir çərçivəsində Azərbaycandan gələn qonaqlar UNİAN-ın iş rejimi ilə də tanış olublar. Kollektivlə fikir mübadiləsi aparılıb.