Əmlak sahibi olmaq istəyənlərin NƏZƏRİNƏ: Səmərəli və şəffaf platforma - FOTO

12:50 25-11-2021 12

İnvestorların cəlb edilməsi, sahibkarlığın inkişafı, iqtisadiyyatda özəl sektorun payının artması baxımından özəlləşmə prosesi xüsusi önəm kəsb edir. Vacib məqam isə bu prosesə qatılmaqla bağlı əlçatanlığın, məlumatlılığın təmin olunmasıdır. “Özəlləşdirmə portalı” (privatization.az) bu amilləri özündə ehtiva edir.

Belə ki, portal vasitəsilə investorlar özəlləşməyə çıxarılan dövlət əmlakları barədə ətraflı məlumatı rahatlıqla əldə edə bilir. Özəlləşdirmə prosesinin daha da sürətləndirilməsi, prosesə investorların daha rahat qatılması üçün “Özəlləşdirmə portalı” əlverişli platformadır. Portal Azərbaycanda özəlləşmə prosesində iştirak etmək istəyən bütün investorlar üçün biznes portfelinə uyğun olaraq daşınmaz əmlak seçimi ilə bağlı geniş imkanlar yaradır. Azərbaycanda özəlləşməyə çıxarılmış bütün dövlət əmlakları, o cümlədən səhmdar cəmiyyətləri, iri və kiçik dövlət müəssisələri, qeyri-yaşayış sahələri və nəqliyyat vasitələri barədə müfəssəl məlumatlar bu portalda yerləşdirilir.

Sayt vasitəsilə həm özəlləşməyə çıxarılan əmlaklar barədə məlumatı əldə etmək, elektron hərracın gedişini canlı izləmək, habelə prosesə onlayn qatılaraq özəlləşmədə iştirak etmək mümkündür. Bu isə nəticə etibarı ilə özəlləşmə prosesinə daha çox investorun cəlb edilməsinə, həmçinin prosesin optimallaşması və şəffaflığın daha da artırılmasına xidmət edir.

Portalda investisiya müsabiqələri

İstifadəçilər investisiya müsabiqələri bölməsinə daxil olmaqla müsabiqə vasitəsilə özəlləşəcək açıq səhmdar cəmiyyətlərin siyahısı ilə tanış ola bilər. Saytda müsabiqəyə çıxarılan müəssisələr sənaye, aqrar, inşaat, xidmət, səhiyyə, telekommunikasiya, nəqliyyat sahələri üzrə müxtəlif kateqoriyalara bölünüb. Burada həmin əmlaklar barəsində məlumatlar, onların fəaliyyət istiqaməti, bazardakı perspektivləri, mövqeyi kimi informasiyalar yer alıb. Həmçinin müəssisələrin foto şəkilləri, əsas istehsal sahələri və onların qısa xarakteristikası haqqında ətraflı məlumatlar yerləşdirilib.

Hərraclarla bağlı məlumatlanma imkanı

İstifadəçilər hərraclar bölməsindən hərraca çıxarılacaq dövlət əmlakları barədə mütəmadi yenilənən məlumatlar əldə edə bilərlər. Həmin əmlaklar hərracın keçirilməsindən ən azı 1 ay əvvəl yerləşdirilir.

İstifadəçilər “Hərraclar” bölməsində müəssisələr, hərracların keçirilmə vaxtı və nəticələri ilə tanış ola bilərlər. Həmçinin məlumatda hərraca çıxarılan əmlakın adı, ünvanı, ümumi faydalı sahəsi, torpaq sahəsi, ilkin satış qiyməti, 10 faiz behin məbləği və dövlət əmlakının görüntülərini əks etdirən foto şəkillər yerləşdirilib.

Müəssisələr haqda əvvəlcədən məlumatlanmanın üstünlükləri

Hərracın keçirilməsindən bir ay öncə müəssisələr haqqında məlumatın öyrənilməsinin investorlar baxımından bir sıra üstünlükləri mövcuddur. Həmin müəssisələrin fəaliyyəti, mövcud imkanları barədə məlumatın əldə edilməsi qabaqcadan alıcıya biznes fəaliyyətinə uyğun əmlakı seçmək imkanı yaradır. Bununla investor hansı müəssisələrin onun biznes planlarına uyğun olacağı ilə bağlı rahat qərar qəbul edə bilir. 

Hərracın nəticəsini portaldan öyrən

Hərracların təşkilində və sonrakı proseslərdə şəffaflıq tam təmin edilir. Belə ki, proses yekunlaşdıqdan sonra nəticələr barəsində də məlumat əldə etmək mümkün olur. Nəticələr bölməsində respublikanın şəhər və rayonları üzrə keçirilmiş hərraclarda özəlləşdirilmiş əmlakların siyahısı yerləşdirilir. Bundan başqa həmin əmlakların adı, ünvanı, sahəsi, ən son təklif edilən qiyməti barədə məlumat əks olunur. 

Portal vasitəsilə hərraca onlayn qoşulmaq olar

Portalda özəlləşmə prosesinə onlayn qoşulmaq imkanları da yaradılıb. Belə ki, hərraclar vasitəsilə əmlakı özəlləşdirmək istəyən şəxslər privatization.az saytına daxil olmaqla elektron qaydada sifariş vermək, hərraclarda onlayn iştirak etmək imkanına malikdir. Müəssisə haqqında geniş informasiya əldə edən investor həmin əmlakın hərracında iştirak etməyə qərar verirsə “Sifariş ver” düyməsinə keçməlidir. Daha sonra yeni açılan pəncərədə istifadəçi elektron hökumət portalına giriş vasitələrindən birini seçməklə xidmətə daxil olur.

Portal onlayn məsləhət də verir

Portalda həmçinin “onlayn məsləhət pəncərəsi” də fəaliyyət göstərir. “Onlayn məsləhət pəncərəsi” vasitəsilə hərracların vaxtı, çıxarılan əmlaklar, nəticələr və digər bu kimi məsələlər barədə suallar çevik və dolğun şəkildə cavablandırılır.