Ermənistanın mina terroru: Beynəlxalq birlik İrəvanı cəzalandırmalıdır

17:50 24-11-2021 10

Ermənilər tarix boyu öz məkrli planlarını reallaşdırmaq, öz çirkin iddialarını müdafiə etmək və onlara qarşı çıxanlara zərər vurmaq üçün terror amilindən istifadə ediblər. Hətta ermənilərin terror keçmişinin bu xalqın, dövlətin keçmişindən daha zəngin olduğunu da deyə bilərik. Onlarla terror təşkilatı yaradan, dünyanın müxtəlif yerlərində, o cümlədən Azərbaycanda da yüzlərlə günahsız insanın ölümünə səbəb olan terrorçular “yetişdirən” Ermənistan dövləti XXI əsrdə də bu xislətindən əl çəkmir.

Ermənistan dövlətinin terrorçu mahiyyətini ortaya qoyan amillərdən biri də Azərbaycan torpaqlarının işğalı illərində həmin torpaqlarda basdırılmış minlərlə minadır.

Azərbaycanın ədalətsizliklə barışmayıb, öz torpaqlarını mütləq geri alacağını bilən ermənilər çox geniş əraziləri minalamaqla uzun illər təxribatlarına davam ediblər. Erməni birləşmələri Qarabağı və Şərqi Zəngəzuru başdan-başa minalamaqla mümkün qədər Azərbaycan tərəfinə zərbə vurmağa cəhd ediblər.

44 günlük müharibədə tarixi qələbənin əldə olunmasından sonra isə minaların təmizlənməsi məsələsi böyük problem kimi qarşıya çıxdı. Belə ki, ərazilərin böyüklüyü və basdırılan minaların sayı nəzərə alındıqda minatəmizləmə işlərinin illərlə davam etməsi istisna olunmur.

Rəsmi məlumatlara görə, keçən il noyabrın 11-dən cari il noyabrın 22-dək, ümumilikdə, 10 455 piyada əleyhinə, 4 640 tank əleyhinə mina, 12 637 PHS aşkarlanıb.

Bu müddətdə, ümumilikdə, 62 855 782 kv.m (6286 ha) ərazi mina və PHS-lərdən təmizlənib.

Lakin ermənilərin basdırdıqları minalar təhlükə olaraq qalmağa davam edir. Belə ki, 2020-ci ilin noyabrın 10-dan 2021-ci ilin noyabrın 22-dək işğaldan azad edilmiş ərazilərdə mina partlayışları nəticəsində mülki şəxslər olmaqla 180-ə yaxın şəxs həlak olub və ya yaralanıb.

Ermənilərin bu mənfur təxribatları bəşəriyyətə qarşı törədilmiş cinayətdir. Lakin daha dəhşətli məqam Ermənistanın göstərdiyi ikiüzlü yanaşmadır. Belə ki, Azərbaycan tərəfi müharibənin başa çatmasından sonra dəfələrlə İrəvandan mina xəritələrini tələb edib. Bir çox beynəlxalq təşkilatlar və məsələyə obyektiv yanaşan dövlətlər də bu çağırışlara qoşularaq mina xəritələrinin təhvil verilməsinin vacibliyini vurğulayıb.

Ancaq hər zaman riyakarlıqları ilə ön plana çıxan ermənilər hətta mina xəritələri məsələsində də saxtakarlığa əl atırlar. Belə ki, Ağdam, Zəngilan, Füzuli bölgələrinin mina xəritələri Azərbaycana verilsə də, bu xəritələrin dəqiqlik səviyyəsi cəmi 25 faizə yaxın olub.

Ermənistanın mina xəritələrini təhvil verməməsi, verilən xəritələrin dəqiqliyinin 25 faizə yaxın olması bu dövlətin terrorçu mahiyyətini ifşa edən məqamdır. Özünü “məzlum” kimi qələmə verərək, dünyadan kömək istəməyi vərdiş halına gətirmiş İrəvan bu məsələdə bütün riyakarlığını ortaya qoyur.

Lakin Azərbaycan tərəfi Ermənistanın bütün təxribatlarına baxmayaraq, işğaldan azad edilmiş əraziləri minadan təmizləməyə davam edir. Bu işdə bir çox dövlətlər o cümlədən Türkiyə, Rusiya, Böyük Britaniya və ABŞ kimi ölkələr Azərbaycana dəstək verir.

Azərbaycan dövləti öz imkanlarını səfərbər edərək öz xalqının doğma yurd-yuvasına qayıtması üçün zəruri olan minatəmizləmə prosesini mümkün qədər qısa müddətdə başa vurmağa çalışır. İrəvan mina xəritələrini rəsmi Bakıya qarşı təzyiq vasitəsi kimi istifadə etməyə çalışsa da, Azərbaycan tərəfinin sistemli fəaliyyəti, sahib olduğu imkanlar və bu mövzuda beynəlxalq dəstək ermənilərin planlarını puç edir.

Lakin istənilən halda mina xəritələrinin dəqiq versiyaları Azərbaycana təhvil verilməlidir. Bu işdə beynəlxalq birliyin təzyiq mexanizmləri Ermənistana qarşı işə salınmalı, onun növbəti təxribatı cəzasız qalmamalıdır.