Yol polisini “azdırmağa” çalışan sürücülərə XƏBƏRDARLIQ: “Polislə “oyun” oynamaq düzgün deyil” - VİDEO

16:10 24-11-2021 12

Sürücünün polisin “saxla” əmrinə tabe olmaması halı ilə bağlı sosial şəbəkələrdə videogörüntülər yayılıb.

Videogörüntülərin tarixi dəqiq bəlli olmasa da, motivi kifayət qədər əhəmiyyətlidir. Belə ki, sürücülər “Yol hərəkəti haqqında” Qanunun müvafiq maddələrinin tələblərini pozur. Bu halda Dövlət Yol Polisi (DYP) əməkdaşları aidiyyəti üzrə onlara qanunvericiliyin normalarına uyğun olaraq protokol tərtib edə və ya qayda pozuntusundan asılı olaraq profilaktik söhbət apara bilərlər. 

Lakin bəzən sürücülər yol hərəkəti qaydalarını kobud şəkildə pozurlar, DYP ilə “qaçdı-tutdu” oynayırlar və polisin qanuni “saxla” əmrinə tabe olmurlar. Belə halda məsələ sürücünün xeyrinə yox, ziyanına dəyişir.

Yayılan videogörüntülərdə sürücünün hansı yol hərəkəti qaydasını pozduğu məlum olmasa da, yol polisinin “saxla” əmrinə məhəl qoymadan onu “azdırmağa” çalışdığı görünür. Bu isə birmənalı olaraq kobud qayda pozuntusudur.

Bəs görəsən bu kimi hallarda sürücüləri hansı cərimələr və ya inzibati tənbeh tədbirləri gözləyir?

Məsələ ilə bağlı milletinsesi.info-a açıqlama verən Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, sürücünün yol polisinin “saxla” əmrinə məhəl qoymadan onun vaxtını alması yolverilməz haldır:

“Bu kimi hallara çox rast gəlinməsə də, hər halda belə sürücülər var. Məlum videogörüntülərin nə zaman və harada lentə alındığı məlum olmasa da, ümumi olaraq bu kimi hallara yol verən sürücülər var. Yol polisinin “saxla” əmrinə tabe olmadan, onunla ara küçələrə daxil olaraq “oyun” oynamaq düzgün deyil. Yol polisinin vəzifəsi yolda hərəkət iştirakçılarının təhlükəsizliyini təmin etməkdir.

Bu kimi hallara yol verən sürücülər saxlanılan zaman onların əlavə problemləri də olacaq. Məsələn, sürücü 40 manatlıq bir qayda pozuntusuna yol vermişdisə, artıq ona polisin “saxla” əmrinə tabe olmamaqla bağlı 80 manat 4 ballıq cərimə protokolu da tərtib ediləcək. Çünki bu birbaşa qanun pozuntusudur.

Cəmiyyət tez-tez polis vətəndaş münasibətlərini gündəmə gətirməkdə maraqlıdır, bu, başa düşüləndi. Amma vətəndaş polis münasibətində ikinci tərəfində məsuliyyəti olduqca vacibdir. Biz sivil cəmiyyətə yalnız qanun və qaydalara hörmət etməklə nail ola bilərik. Polisin məsuliyyətli insanla heç vaxt mübahisəsi ola bilməz. 

Əgər belə bir hal baş verərsə, DİN həmin əməkdaşına aidiyyəti qanun çərçivəsində tədbir görür. Bəzi vətəndaşlar isə polisi müxtəlif provokasiyalara çəkməklə, onu haqlı olduğu yerdə haqsız vəziyyətə salmaq istəyir. Lakin buna cəhd edən şəxslər istəklərinə çata bilmirlər. Çünki bizim əməkdaşlar peşəkar iş üslubundan çəkinmir və qanuni tədbirlərini görürlər. Hər bir kəs işindən və cəmiyyətdəki mövqeyindən asılı olmayaraq vicdanlı və ədalətli olmalıdır. Ləyaqətini ən ali dəyər kimi uca tutmalıdır. Onu da unutmaq olmaz ki, sürücü polisdən qaçmağa cəhd edən zaman digər hərəkət iştirakçılarına da qəza şəraiti yarada bilər. Bütün sürücülərdən xahiş olunur ki, avtomobil idarə edən zaman intizamlı olsunlar, həm özlərinin, həm də digər hərəkət iştirakçılarının həyat və sağlamlıqlarının təhlükəsizliyi naminə yol hərəkəti qaydalarının tələblərinə düzgün riayət etsinlər”.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by milletinsesi.info (@oxuaz)

Könül Cəfərli