Fransa “zibillik”də eşələnir: Sıxışdırıldıqca qəzəblənir, qəzəbləndikcə riyakarlıq edir – TƏHLİL

15:10 24-11-2021 10

Fransa Qarabağ münaqişəsi zamanı ATƏT-in Minsk Qrupunun həmsədri kimi qərəzli, ikiüzlü siyasət yürütdüyünü postmünaqişə dövründə aşkar şəkildə göstərir.

Azərbaycan ötən il Ermənistan üzərində qələbə qazandıqdan sonra Paris özünün əsl sifətini aşkar şəkildə göstərməyə başlayan kampaniyaya start verib və Fransada basılan düymə ilə proses vüsət alır.

Ötən il noyabrın 26-da Fransa Senatı məhv olmuş, tarixin arxivindəki zibilliklərə göndərilmiş separatçı “Dağlıq Qarabağ Respublikasının” müstəqilliyini tanıyan qətnamə qəbul etməklə rəsmi Parisə də bu aktı dəstəkləməyə çağırış etdi.

Qətnamədə Fransa hökumətinə çağırış edilir ki, separatçıların “müstəqilliyi” tanınsın. Əslində isə bu, Fransa hakimiyyətinin öz oyununun məhsulu idi.

Həmin qətnamədən sonra Fransa hökuməti riyakarlığını təkzib edən “dəlillərlə” çıxış etməyə çalışsa da, az keçmədi ki, yenidən “status” məsələsini gündəmə daşıyan bəyanatların müəllifinə çevrildi.

Fransanın narahatlıqlarına gəlincə, nəzərə alaq ki, Qarabağda müharibə bitdikdən sonra Türkiyənin regiondakı hərbi-siyasi iştirakı gücləndi. Paris isə bunu həzm edə bilmir.

İkinci bir məqam odur ki, Ermənistanın məğlubiyyətindən sonra Parisin Cənubi Qafqazdakı dayaqları da məğlub duruma düşüb.

Fransa postmünaqişə periodunda Cənubi Qafqazda kənarda qalıb, sərgilədiyi əsassız və məntiqsiz mövqedən dolayı o regionda iştirakı üçün lazım olan zəmini hazırlaya bilmir.

Üstəgəl, Fransanın beynəlxalq aləmdə də sıxışdırılması prosesi gedir, bu ilin sentyabrında ABŞ, Britaniya və Avstraliya AUKUS paktını imzalamaqla Parisin qlobal tablodakı mövqeyini yerə çırpdı.

İndi isə Fransa Prezidenti Emmanuel Makron hikkəsini başqa ölkələrin üzərinə tökməyə çalışır və ATƏT-in Minsk Qrupunu “ölü nöqtədən” tərpətmək üçün “təşəbbüskarlığını” ortaya qoyur.

Bununla belə Fransa ona olan cüzi etimad mühitini də öz addımları ilə məhv edir. Parisin ən yaxşı halda dəstək qazandığı platforma isə Ermənistan hökuməti və erməni diasporudur. Amma bunun Fransanın beynəlxalq siyasətdə çəkisini artırmaq üçün heç bir rolu yoxdur, ən yaxşı halda Makron növbəti prezident seçkilərində erməni icmasından səs ala bilər.

O, Fransa siyasətinə redaktələr etməlidir, anlamalıdır ki, Cənubi Qafqazda yeni reallıq yaranıb və qlobal güclər özü də bu reallıqlara uyğun adekvat xətti tutub mövqe bildirməlidirlər.

Lakin Fransa dərs çıxarmır, olanlar və baş verənlər azmış kimi, utanmadan Qarabağda quldur tör-töküntü yığınını ali qonaq kimi qəbul edir. Həmin quldur dəstəsinin adlarını, soyadlarını bu yazıda çəkmək belə istəmirik.

Fransadan müsbət mənada təəccüb yaradacaq hər hansısa bir addım gözləmək olmazdı.

Əslində Fransa addımları ilə ATƏT-in Minsk Qrupunun statusunu böyük sual altına qoyur.

Aqşin Kərimov