Zavoddan oğurluq edən şəxslər ƏLƏ KEÇDİ - FOTO

14:45 24-11-2021 14

Qubada oğurluq edən şəxslərin üzərindən narkotik vasitələr aşkarlanıb.

Quba Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının keçirdikləri silsilə əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində oğurluqlar etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, rayon sakini Xəyyam Mirişov, Sumqayıt şəhər sakinləri Həsənalı Piriyev, Şamxal Köçərli və Salyan rayon sakini Emin Muradov saxlanılıblar.

Sözügedən şəxslər rayonun Barlı kəndində yerləşən “Qazax sement zavodu”nun qum-çınqıl karxanasından, texnikalara aid ehtiyat hissələri oğurladıqlarını etiraf ediblər. Həmin şəxslərin üzərinə və E.Muradovun avtomobilinə baxış keçirilən zaman bükülülərdə narkotik vasitə olan heroin və marixuana aşkar edilərək götürülüb.

Keçirilmiş digər əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Tamerlan Məmmədov da saxlanılıb. Həmin şəxsin tanışına məxsus avtotəmir obyektindən müştəriyə məxsus “Mersedes-Benz” markalı avtomobilin hissələrini oğurladığı müəyyən olunub.

Faktlara bağlı RPŞ-nin Təhqiqat bölməsində araşdırma aparılır.