Qurban Qurbanov: “Kiprdə edilən təxribatlar bizi qələbəyə motivasiya edir” - FOTO

12:50 24-11-2021 12

“Bu oyun “Bazel”lə oyundan daha vacibdir. Çünki bu matçda xal itirsək, qrup birinciliyi şansımız çətinə düşə bilər. Ona görə də bu matça ciddi hazırlaşmışıq”.

milletinsesi.info-ın xəbərinə görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Avropa Konfrans Liqasının qrup mərhələsinin “Qarabağ” – “Omoniya” (Kipr) oyunundan qabaq Qurban Qurbanovun iştirakı ilə mətbuat konfransı keçirilib.

Q.Qurbanov matçla bağlı aşağıdakı fikirləri bildirib:

“Düşünmürəm ki, “Omoniya” bu matç üçün çox dəyişiklik edəcək. Bu komandanın rotasiyaları da oxşar olur. Həm çempionatda, həm də avrokubokda eyni sistemlə çıxış edirlər. Ola bilsin ki, hücum xəttində hansısa dəyişiklik olsun. Kipr komandaları çox istəkli olurlar. Biz də onlarla tam başa-baş mübarizə apara bilmək üçün istəkli olmalıyıq.

İsmayıl İbrahimlinin oyun praktikası hazırda azdır. Lazım gəlsə, oyun ərzində matçın gedişatına görə onu meydana buraxa bilərik. Heyətimiz normaldır. Ancaq qış fasiləsində hücum xətti və yarımmüdafiənin mərkəzinə oyunçu transfer etmək istərdim. Ümumilikdə isə komandamın heyətindən razıyam. Bu heyətlə müəyyən uğurları qazanmaq mümkündür.

Kipr komandaları ilə oyunlarda bizə qarşı həmişə təxribatlar olub. Bu da istər-istəməz belə oyunlarda qələbəyə istəyi çoxaldır. Mən bunu futbolçulara desəm də, deməsəm də, onlar Kipr komandalarına qarşı necə oynamalı olduqlarını bilirlər”.

Qeyd edək ki, “Qarabağ” – “Omoniya” matçı sabah keçiriləcək. Görüş Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq. Görüş saat 21:45-də başlayacaq.

Səbuhi Musayev

FOTO: Firudin Səlimov