Nizami Gəncəvi Beynəlxalq Forumu öz işinə başladı - FOTO

10:40 24-11-2021 10

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə dahi Azərbaycan mütəfəkkiri və şairi Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə həsr edilmiş “Nizami Gəncəvi İli” çərçivəsində “Nizami Gəncəvi: Mədəniyyətlər Arasında Körpü” mövzusunda Nizami Gəncəvi Beynəlxalq Forumu (NGBF) öz işinə başladı. 

milletinsesi.info-ın məlumatına görə, forumda açılış nitqi ilə Azərbaycan Respublikasının Baş nazirinin müavini Əli Əhmədov çıxış edib. 

O, bütün tədbir iştirakçılarını salamlayıb və Nizami Gəncəvinin anadan olmasının 880 illiyi münasibətilə keçirilən bu foruma təşrif buyurduqları üçün minnətdarlığını ifadə edib. 

Açılış mərasimi çərçivəsində Azərbaycanın mədəniyyət naziri Anar Kərimov, təhsil naziri Emin Əmrullayev, Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy, Özbəkistanın mədəniyyət naziri Ozodbek Ahmadoviç Nazarbekov, Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy da çıxış edəcəklər. 

Forum çərçivəsində müxtəlif panel müzakirələr, təqdimatlar, ikitərəfli görüşlər, kitab təqdimatı, mədəni və digər tədbirlərin təşkili nəzərdə tutulur. 

Qeyd edək ki, 24-26 noyabr tarixlərini əhatə edəcək Nizami Gəncəvi Beynəlxalq Forumu dahi mütəfəkkirin zəngin ədəbi irsini araşdıran nüfuzlu beynəlxalq alim, tədqiqatçı və elm adamlarını bir araya gətirərək “Nizaminin Orta əsr Şərqində siyasi və ictimai ənənələrə təsiri”, “Nizami Gəncəvi: Müasir dünyaya baxış”, ”Nizami Xəmsəsinin dünya ədəbiyyatına və mədəniyyətinə təsiri”, “Xəmsə dialoqlarının didaktik rolu”, “Sovet dövründə Nizami tədqiqatları” mövzularına həsr edilmiş panel müzakirələri keçirilən platformadır. 

Beynəlxalq Forumda 15 xarici ölkədən 40-dan çox alim, elm adamı və ekspertlərin, eləcə də dövlət rəsmiləri, ali təhsil müəssisələrinin rəhbərləri, beynəlxalq təşkilatlar və diplomatik korpusun nümayəndələrinin iştirakı nəzərdə tutulur.

Nigar Məmmədova

FOTO: Tapdıq Abdullayev