Serialdan qovulan Hollivud ulduzu film üçün 31 milyon dollar ödəyəcək - FOTO

01:55 24-11-2021 15

Tanınmış amerikalı aktyor Kevin Speysi “Kartdan ev” (“House of Cards”) filminin prodüserlərinə 31 milyon dollar (52,7 milyon manat) ödəməlidir. İki il davam edən məhkəmə çəkişmələrindən sonra hakim bununla bağlı qərar çıxarıb. MRC şirkəti aktyorun davranışından zərərçəkən kimi tanınıb. Belə ki, iddiaya görə “Kartdan ev”in altıncı mövsümünü yenidən yazmaq və epizodların sayını 13-dən 8-ə endirmək lazım olub.

Qeyd edək ki, Kevin Speysi 2013-2017-ci illərdə sözügedən serialda baş rolda oynayıb. Lakin bir neçə gəncə seksual təcavüzlə bağlı iddialardan sonra Hollivud ulduzu serialdan çıxarılıb, onun personajının əvəzinə Robin Raytın personajı əsas xarakterə çevrilib.

Ulduz isə şirkətin maddi itkilərinə səbəb kimi öz davranışının deyil, MRC və “Netflix”in onu roldan azad etmək qərarının səbəb olduğunu arqument gətirib. Bununla belə arbitraj məhkəməsi onun bu müdafiəsini nəzərə almayıb.

Yeri gəlmişkən, siyasi triller janrında çəkillən ABŞ serialı “Kartdan ev” 2013-cü ildən göstərilir. Baş rolu - Amerika prezidentini oynayan Kevin Speysi 2015-ci ildə serialdakı roluna görə “Dramatik serialda ən yaxşı kişi rolu” nominasiyasında “Qızıl Qlobus”a layiq görülüb.

Mənbə: Radiokp.ru