Hərbi xidmətini başa vurub evinə qayıtmağa üç gün qalmışdı - Şəhid anası ilə MÜSAHİBƏ + FOTO

17:10 14-10-2021 8

Sentyabrın 27-də müharibə başlayanda Pərviz Məmmədov və digər yüzlərlə qəhrəmanımız cəbhəyə yola düşdü.

Media.Az igid şəhidimizin anası Gülnaz Məmmədovadan müsahibə götürüb.

Ana öz övladı barədə xatirələrini danışıb:

Pərviz 25 mart 2001-ci ildə Bərdə şəhərində anadan olub. 2007-ci ildə birinci sinfə gedib, 2018-ci ildə Şuşa şəhər 18 nömrəli məktəbi bitirib. Pərvizin ali təhsili olmasa da, o, peşəkar şəkildə idmanla məşğul olub. Pərviz uzun illər kikboksinqə gedib, yüksək nailiyyətlər, çoxlu medallar qazanıb. Biz onunla fəxr edirik.

- Artıq onunla bütün Azərbaycan fəxr edir...

- Pərviz yaşına görə çox böyük idi. Çox çalışqan, vicdanlı və nəzakətli bir oğlan idi. Həmişə böyüklərə hörmətlə yanaşırdı, valideynlərini qiymətləndirirdi. Vətənpərvər idi, vətənini bütün qəlbi ilə sevirdi. Böyük sevinc və həvəslə orduya xidmətə getdi. Evə qayıtmağına cəmi üç günü qalmışdı...

- Və müharibə başladı...

- Hə... Evdə heç kəs onun ön xəttə yollandığını bilmirdi. Pərviz bu barədə bizə məlumat verməmişdi. Hamımız onun öz hərbi hissəsində olduğunu düşünürdük. Onunla hər gün danışırdıq, son söhbətimiz 29 sentyabrda oldu, sonra əlaqəmiz kəsildi.

- Oğlunuzla növbəti dəfə nə vaxt əlaqə saxlaya bildiniz?

- Sentyabrın 29-da Pərviz özü mənə zəng etdi. Ondan sonra öyrəndim ki, cəbhənin ön xəttindədir. Ondan harada olduğunu, nə qədər irəlilədiklərini soruşdum... Beləcə Füzuli istiqamətində olduğunu öyrəndim. Bizimlə hal-əhval tutdu, atası, qardaşı ilə maraqlandı. Məndən onların qayğısına qalmağımı istədi. Atası və qardaşı ilə yalnız bir necə kəlmə kəsə bildi. Oğlum çox şən idi, bəzən hətta gülürdü. Özünün yaxşı olduğunu söylədi, bizə narahat olmamağı tapşırdı. Təkrar-təkrar “İnşallah qələbə bizimlədir” söyləyirdi.

Ancaq ana ürəyim narahat idi. Fasiləsiz ağlayırdım, ürəyim parçalanırdı... O, məni sakitləşdirməyə çalışdı və söylədi: “Ana, ağlama, sən əsas bizim üçün dua et ki, biz yalnız irəli gedək və torpaqlarımızı geri qaytaraq”. Pərviz özünün sağ-salamat qayıtması üçün yox, torpaqlarımızın azad olunması üçün dua etməyimizi istəyirdi. Mən isə ancaq gecə-gündüz dua edirdim. O zaman heç ağlıma belə gətirə bilməzdim ki, onun səsini son dəfə eşidirəm...

- Sizə oğlunuzun şəhid olması ilə bağlı nə vaxt məlumat verdilər?

- Bunu xatırlamaq çox çətindir, onunla yaşamaq isə ondan da ağırdır... O, bizimlə danışandan bir saat, saat yarım sonra dünyasını dəyişib. Kənd sakinləri bu barədə xəbərdar olsalar da, mənə deməyə ürək etməyiblər. Yadıma gəlir, qonşularımızdan biri bizə gəldi, Pərvizdən xəbərin olub-olmadığını soruşdu, cavab verdim ki, bir müddət əvvəl onunla danışmışam. Birdən oğlundan ona zəng gəldi, yüksək səslə danışdığından onun səsini eşitdim. Anasından soruşdu: “Ana, sən Gülnaz xanımgildəsən? Deyirlər ki, Pərviz şəhid olub...”. Bu sözləri eşidəndə qışqırmağa başladım, qonşum mənə necə cavab verəcəyini bilmədi, sadəcə susdu. O anda ürəyim dayandı.

- Bəs sizin həyat yoldaşınız?

- O, evdə deyildi. Dərhal ona zəng vurub təcili evə gəlməsini istədim. O evə çatanda həyətdə artıq bir xeyli insan var idi. Özünü itirmişdi və ətrafdakılardan nə baş verdiyini soruşurdu. Bu zaman insanlar baş vermiş ağır hadisə barədə ona məlumat verdi. Ərim buna inana bilmədi: “Ola bilməz, onunla indi danışdım, Pərviz yaxşı idi!” Sonra gözü mənə sataşdı. O qədər qışqırıb ağlamışdım ki, səsim batmışdı. Ərim inanmadı, hərbi komissarlığa zəng etməyə başladı, ona bu xəbərin doğru olduğunu təsdiqlədilər. Oğlumla sonuncu dəfə günorta, təxminən saat birdə danışmışdıq, beşdə isə artıq onun meyitini gətirdilər.

Silahdaşları Pərvizi hələ də xatırlayır. Bu yaxınlarda onun bizim aramızda olmamasından bir il keçdi. Qazilərdən biri oğlum şəhid olan zaman onun yanında olub. O mənə danışır ki, komandir onlara qarşıda erməni postu olduğunu və kiminsə kəşfiyyata getməsinin lazım olduğunu deyib. Pərviz dərhal könüllü olaraq irəli çıxıb və bu tapşırığı yerinə yetirməyə hazır olduğunu bildirib. Onun əməliyyata getməsindən qısa müddət sonra atəş səsi eşidilib. Hərbçilərimiz Pərvizin şəhid olduğunu düşünüblər. Ancaq təxminən on dəqiqədən sonra Pərviz onların yanına qayıdaraq düşməni məhv etdiyini söyləyib. Daha sonra isə onlar minaatan atəşinə tutulublar və Pərviz şəhid olub. Onun dostu huşunu itirib və yalnız xəstəxanada oyanıb. Gözlərini açan kimi Pərvizin harada olduğunu soruşub. Ona Pərvizin artıq həyatda olmadığını deyiblər... Pərviz yerindəcə şəhidlik məqamına ucalıb. Silahdaşlarının dediyinə görə, o, cəsarətlə döyüşüb.

Pərviz Həmişə çox mərd uşaq olub. Yaxşı yadımdadır, xidmətdə olduğu müddətdə ərazilərin məhz onun xidməti dövründə işğaldan azad olunması üçün dua edirdi. Uşaqlıqdan 90-cı illərin Qarabağ müharibəsində iştirak edən atasının danışdığı döyüş xatirələri ilə böyüyüb. Ərim bizə həmişə doğma torpaqlarımızdan danışırdı, oralara qayıtmağı xəyal edirdi. Oğlumla sonuncu dəfə ünsiyyətdə olarkən atasına Şuşanın azad edilməsi ilə bağlı xəbərin müjdəsini verəcəyini demişdi. Oğlu bu arzusunu həyata keçirə bilməsə də, artıq Şuşa azaddır. Bütün bunlar mənim Pərvizim də daxil, şəhid və qazilərimizin sayəsində mümkün oldu.