Azərbaycanda banklar dollar qəbulunu dayandırdı: Dövriyyədə saxta əsginaslar var - ÖZƏL

17:05 14-10-2021 14

Hazırda ölkədə bir sıra banklar tərəfindən bankomatlar vasitəsilə dollar əsginasların qəbulu dayandırılıb.

milletinsesi.info-ın məlumatına əsasən, buna səbəb dövriyyədə müəyyən miqdarda saxta 100 dollar əsginasların olmasıdır.

Saxta əsginasların təhlükəsizlik elementləri həqiqi valyuta vahidinə dəqiq olaraq bənzədilə bildiyindən bankomatlar tərəfindən saxta pullar müəyyən edə bilməyib. Bu səbəbdən banklar saxta dollar əsginasların dövriyyəsinin qarşısını almaq üçün bankomatlar vasitəsilə onların qəbulunu dayandırıb. Prosesin iki həftə müddətinə dayandırıldığı məlumat verilib.

Məsələ ilə bağlı bağlı Azərbaycan Beynəlxalq Bankından sorğumuza cavab olaraq müvafiq hüquq-mühafizə orqanlarından banka həqiqətən belə bir siqnalın daxil olduğu və müştərilərin maraqlarının qorunması üçün lazımi təhlükəsizlik tədbirlərinin görüldüyü bildirilib.

“Kapital Bank”ın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov isə hazırda Bankın bankomatlarında vendor tərəfindən proqram təminatının yenilənmələri həyata keçirilir. Onlar bu səbəbdən dolayı hazırda müvəqqəti olaraq dollar qəbulu dayandırdıqlarını təsdiqləyiblər:

“Qeyd edim ki, bu kimi yenilənmələr mütəmadi olaraq tətbiq olunur. Yaxın günlərdə dollar qəbulu yenidən aktiv olacaq”.

Məsələ ilə bağlı Mərkəzi Bankdan milletinsesi.info-a bildirilib ki, hazırda milli və xarici valyutada pul nişanlarının saxtalaşdırılmasına qarşı mübarizə çərçivəsində davamlı tədbirlər həyata keçirir və bu tədbirlər barədə mütəmadi olaraq kommersiya bankları, hüquq mühafizə orqanları və eləcə də ölkə ictimaiyyəti məlumatlandırılır:

“Hazırda dünyada sərbəst dönərli valyutaların, o cümlədən ABŞ dollarının geniş istifadəsi onların saxtalaşdırılması meyillərinin daha yüksək olmasını şərtləndirir və saxtakarlar üçün cəlbediciliyini artırır.

Müasir dövrdə rəqəmsal sistemlərin və yüksək texnologiyaların sürətli inkişafı isə pul nişanlarının saxtalaşdırılması imkanlarını, o cümlədən əhali üçün nəzərdə tutulmuş mühafizə elementlərinin, eləcə də nağd pul avadanlıqları, o cümlədən bankomatlar və terminallar tərəfindən müəyyən edilə bilən təhlükəsizlik sistemlərinin imitasiya imkanlarını genişləndirir.

Belə risklərdən sığortalanmaq üçün Mərkəzi Bank tərəfindən nağd pul avadanlıqlarının, emal sistemlərinin, nağd pul qəbul edən bankomat və terminalların xarici valyutada pul nişanlarının, o cümlədən ABŞ dollarının mühafizə elementlərinə uyğunlaşdırılmasının davamlı qiymətləndirilməsi və zəruri tədbirlərin görülməsi ilə bağlı kommersiya banklarına müvafiq tapşırıqlar verilir.

Eyni zamanda, Mərkəzi Bankda ekspertiza nəticəsində saxtalaşdırma əlamətləri müəyyən edilmiş ABŞ dollarları və onların ekspertiza rəyləri müvafiq istintaq tədbirlərinin aparılması, o cümlədən saxta pulların ölkəyə daxil olma mənbəyinin araşdırılması məqsədilə hüquq mühafizə orqanlarına təqdim edilir”.

Qeyd edilib ki, Mərkəzi Bank tərəfindən ilin doqquz ayı ərzində 271 ədəd milli və 125 ədəd xarici valyutada saxta pul nişanı aşkar olunaraq dövriyyədən çıxarılıb.

Mövcud qanunvericiliyə uyğun olaraq saxta pul nişanlarının tədavüldən çıxarılması, məhv edilməsi və bununla əlaqədar müvafiq tədbirlərin görülməsi qaydaları Mərkəzi Bankın İdarə Heyəti tərəfindən müəyyən edilir. Bununla əlaqədar olaraq, saxtalaşdırılmış pul nişanları müvafiq istintaq işlərinin aparılması məqsədilə hüquq mühafizə orqanlarına təqdim edilir və araşdırmalar yekunlaşdıqdan sonra qaytarılaraq Mərkəzi Bankda saxlanılır.

Hazırda bankomatlar vasitəsilə dollar qəbulunun dayandırılması saxta dollar əsginasların dövriyyəsinin artmasının qarşısını almağa yönəlib. Banklar tərəfindən bununla əlaqədar sistemdə yeniləmələr edilir.

Nigar Məmmədova