Bakıda qəzalı vəziyyətdə olan məktəblə bağlı rəsmi AÇIQLAMA

15:25 14-10-2021 10

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 57 nömrəli tam orta məktəbin binasına müvafiq ixtisaslaşdırılmış dövlət qurumu tərəfindən texniki baxış keçirilib və əsaslı araşdırma aparılıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, verilmiş qərara əsasən, məktəbin qəzalı vəziyyətdə olan bir tədris korpusunda bərpa-gücləndirmə və əsaslı təmir işlərinin aparılması nəzərdə tutulur:

“Oktyabrın 14-dən məktəbin bir korpusunda bərpa-gücləndirmə və əsaslı təmir işlərinin aparılması ilə əlaqədar təhsil müəssisəsinin digər korpusunda dərslər ikinövbəli şəkildə davam edir.

Məlumat verildiyi kimi, əlverişsiz hava şəraiti nəticəsində yağış və qrunt sularının 57 nömrəli tam orta məktəbin bir tədris korpusunu qəzalı vəziyyətə salması səbəbindən müəllim və şagirdlərin təhlükəsizliyi nəzərə alınaraq, rəsmi rəy verilənədək (11-13 oktyabr tarixlərində) məktəbin I-lV sinif şagirdləri 291 nömrəli Ekologiya liseyində, V-XI sinif şagirdləri isə 82 nömrəli tam orta məktəbdə dərs keçib.

Qeyd edək ki, normal tədris mühitinin, təhsilalanların və təhsilverənlərin təhlükəsizliyinin, təhsildə fasiləsizliyin təmin olunması diqqət mərkəzində saxlanılan əsas amillərdəndir”.