Şəhid ailələri və müharibə əlillərinə təqdim edilən yaşayış kompleksinə mediatur təşkil edildi - FOTO

17:20 13-10-2021 12

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Samux rayonunda şəhid ailələri və müharibə əlillərinə təqdim edilən yeni çoxmənzilli yaşayış kompleksinə mediatur təşkil edilib.

Nazirlikdən verilən məlumata görə, KİV nümayəndələri kompleksdə, həmçinin burada Samux və Şəmkir rayonlarının müvafiq kateqoriyalardan olan sakinlərinə təqdim edilən mənzillərdə yaradılmış şəraitlə yaxından tanış olublar.

Jurnalistlərin diqqətinə çatdırılıb ki, Prezident İlham Əliyevin şəhid ailələri və müharibə əlillərinə xüsusi qayğısının növbəti təzahürü kimi onların mənzil və fərdi evlə təminatı proqramı dəfələrlə genişlənib.

Təkcə 2021-ci ildə şəhid ailələri və müharibə əlillərinə 2018-ci ilə nisbətən beş dəfə çox olmaqla, 3 min mənzil və fərdi evin verilməsi nəzərdə tutulub. Onlardan artıq 1 700 mənzil təqdim edilib. Ümumən ötən dövrdə isə şəhid ailələri və müharibə əlillərinə 11 minə yaxın mənzil və fərdi ev verilib.

Dövlət başçısının 25 yanvar 2021-ci il tarixli Sərəncamı ilə 2021-2025-ci illərdə şəhid ailələrinə və müharibə əlillərinə daha 11 min mənzil və fərdi ev veriləcək.

Samux rayonundakı yeni çoxmənzilli yaşayış kompleksi doqquz binadan ibarət olmaqla 200 mənzillidir. Müasir tələblərə uyğun infrastrukturun yaradıldığı kompleksdə 144 şagirdlik məktəb, 50 yerlik bağça, klub icma mərkəzi, iki idman meydançası, tibb məntəqəsi də var. Açıq və qapalı idman meydançaları futbol oyunları, həndbol eləcə də digər yüngül atletika oyunları üçün nəzərdə tutulub.

Kompleksin ərazisində inşa olunan bütün mərkəzlər zəruri avadanlıqlarla da təchiz edilib, sakinlərin onlardan rahat istifadəsi üçün şərait yaradılıb.