Dollara tələb niyə azdır?

10:10 13-10-2021 10

Pərviz Heydərov yazır...

Ölkədə xarici valyutaya tələbin azaldığı məlum faktdır. Bunu şərtləndirən əsas faktor keçən ildəki pandemiya şəraiti olsa da, real olaraq da vəziyyət eynidir. Çünki bunda digər amillərin və şəraitin də rolu var. Bunların sırasında ən mühümü sözsüz, neftin dünya bazarlarında baha olması ilə əlaqədardır.

“Brent” markalı neftin qiyməti bu günlərdə son üç ildə ilk dəfə olaraq 84 ABŞ dollarını keçdi. Söhbət, dekabr ayı üçün bağlanılan müqavilələrdən gedir. Buna səbəb rolunda Asiya ölkələrinin iqtisadi vəziyyətlərinin bərpa olunması prosesi, Avropa başda olmaqla demək olar bütün dünyada təbii mavi yanacağın - qazın qiymətinin kəskin şəkildə qalxması, həmçinin OPEC+ ölkələrinin hasilatı sutkada cəmi 400 min barel artırmaq barədə qərarı çıxış edir.

Qısa desəm, neft və ondan alınan yanacaq məhsulları dünyada getdikcə, ən qiymətli nemətə çevrilir. Hansı ki, bu, həm yaxşı, həm də pis haldır. Yaxşıdır, yalnız bu gün üçün, ona görə ki, sabah bütün qida və sənaye məhsulları daha da bahalaşacaq.

Sözüm bunda deyil. Dövlət Neft Fondu (ARDNF) tərəfindən satılan valyuta həcmi haqda açıqlanan məlumata əsasən isə 2021-ci ilin yanvar-sentyabr ayları ərzində 4 305 400 000 ABŞ dolları məbləğində vəsait realizə olunub ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 1 304 700 000 dollara qədər, yəni 23,3 faiz azdır. Qeyd edim ki, keçən ilin ilk doqquz ayı ərzində ARDNF tərəfindən 5 610 100 000 ABŞ dolları məbləğində vəsait satılmışdı.

Təkcə sentyabr ayı ərzində fond tərəfindən valyuta hərraclarında 565 400 000 ABŞ dolları məbləğində vəsait satılıb ki, bu vəsait əvvəlki ayla müqayisədə 10,4 faiz çox sayılsa da, 2020-ci ilin müvafiq dövrünə nəzərən 6,8 faiz az təşkil edib. Ümumiyyətlə, il başlanandan bəri adı çəkilən qurum tərəfindən verilən bütün analoji açıqlamalarda xarici valyuta satışı üzrə tələbin az olduğu göstərilib. Halbuki, may ayından iqtisadi tənəzzül dayanıb. Yəni, işgüzar fəallıq bərpa olunub.

Sual yaranır ki, bu normal tendensiyadırmı?

Yuxarıda qeyd etdim ki, neftin qiymətinin yüksək olması və ölkəyə valyuta gəlirlərinin artmasının daxildə valyutaya tələbin az olmasında rolu var. Lakin bu əslində, psixoloji olaraq belədir, başqa sözlə desəm, neçə müddətdir ki, ölkədə dollar qıtlığı var deyə, panik əhval-ruhiyyə yoxdur... Və bu da valyutaya reallıqdan artıq tələb yaranmasına lüzum yaratmır.
Ancaq iş bundadır ki, işgüzar fəallıq amili prinsipi və yaxud mənbəyi üzrə də ölkədə xarici valyutaya tələbat əslində, normal tempdə deyil və yaxud da normal tempdə sayılmır. Bunu yuxarıda qeyd etdiyim ARDNF-in açıqladığı rəqəmlər deməyə əsas verir.

Belə ki, diqqət yetirsək, 2020-ci ilin yanvar-sentyabr ayları ərzində 5 610 100 000 ABŞ dolları məbləğində valyuta satıldığı deyildiyi halda, cari ilin eyni dövrü üzrə bu rəqəm təkrar edirəm ki, 1 304 700 000 dollara qədər, yəni 23,3 faiz az, - 4 305 400 000 ABŞ dolları təşkil edib.

Keçən ilin yanvar-sentyabr ayları ərzində isə pandemiya şəraitinin ən qızğın vaxtı sayılırdı. Demək olar, bütün iqtisadi fəaliyyət sahələrində məhdudiyyətlər tətbiq olunmuşdu. Ölkə iqtisadiyyatı, biznes dairələri və sahibkarlar dövlət dotasiyası hesabına nəfəs alır və yaşayırdılar. Bütün növlər üzrə gediş-gəliş və giriş-çıxış bağlanmışdı. Həm ölkə daxilində, həm də ölkə ilə xaric arasında...

Sual edirəm, necə olur ki, belə bir fonda daxili valyuta bazarında cari ildəkinə rəğmən, bu ilkindən 1,5 milyard dollara yaxın daha çox valyuta satılıb?

Keçən il iqtisadiyyatın həcmi bütövlükdə 4,3 faiz kiçildi. Və bu tənəzzül bu ilin may ayına qədər davam etdi. Yalnız may ayından etibarən, tənəzzül dayandı ki, ilkin iqtisadi artım qeydə alınmağa başlandı. Hazırda iqtisadi artım 4 faizə yaxındır. Xarici ticarətdə müsbət saldo hökm sürür. Dövlət büdcəsinin gəlirləri xərcləri üstələyir, neçə aylardır ardıcıl profisit müşahidə olunur və sair...

Bəs, səbəb nədir ?

Ən başlıca səbəb hesab edirəm məhz odur ki, ölkədə müşahidə edilməkdə olan iqtisadi artım heç də bilavasitə işgüzar fəallığın artması hesabına baş vermir və intensiv deyil, məhz ekstensiv amillər (neftin dünya bazar qiymətləri və sair) hesabına baş verir - cərəyan edir.

İkinci səbəb isə ondan ibarətdir ki, valyuta bazarında spekulyativ amillərin rol oynaması üçün hazırda heç bir zəmin mövcud deyil, manatın dəyəri möhkəmdir deyə, ortada hər hansı bir formada ajiotaja da əsas yoxdur. Yəni, daxili valyuta bazarında tələbi əsas etibarı ilə sırf olaraq iqtisadiyyatın real sektoru müəyyən edir.

Və ən nəhayət, üçüncü səbəbsə ondan ibarətdir ki, dövlət büdcəsinin gəlirləri ən çox qeyri-neft sektoru hesabına əldə edilir. Cari ilin I yarısının yekununa əsasən, dövlət büdcəsinin gəlirləri 12 177 200 000 manat proqnoza qarşı 11 755 000 000 milyon manat icra olunub ki, bu da 3,5 faiz az deməkdir.

Lakin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə 4 342 000 000 manat vəsait daxil olub ki, bu da proqnoza nisbətən 851,6 milyon manat və ya 24,4 faiz, 2020-ci ilin eyni dövrü ilə müqayisədə isə 336,7 milyon manat olmaqla 8,4 faiz çox deməkdir.

Həmin vəsaitin 73,1 faizi, yaxud 3 175 300 000 milyon manatı qeyri-neft sektorundan daxilolmaların payına düşüb ki, bu özü də 2020-ci ilin eyni dövrü ilə müqayisədə 276,2 milyon manat və ya 9,5 faiz çox təşkil edib.

ARDNF dövlət büdcəsinə 4 696 700 000 manat və ya altı aylıq proqnoza rəğmən 1 403 200 000 manat (23,0 faiz) az vəsait daxil edilib.

Xatırladım ki, cari ildə Neft Fondundan büdcəyə 12 200 000 000 manat transfert olunmalıdır.