Nazir müavini meşələrin qırılması barədə iddialara münasibət bildirib - EKSKLÜZİV

18:20 15-09-2021 10

“Azərbaycanda qazlaşdırılmayan yaşayış məsənlərinin böyük əksəriyyəti yüksək dağlıq ərazilərdəki ucqar kəndlərdir. Həmin ərazilərdə yerləşən dövlət qurumlarının və əhalinin odun yanacağına olan tələbatının ödənilməsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin öhdəliyidir”.

Bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov qışa hazırlıq məqsədilə qazlaşdırılmayan kəndlərin əhalisinin oduncaqla təminatı barədə milletinsesi.info-ın suallarını cavablandırarkən bildirib.

O qeyd edib ki, hazırda qazlaşdırılmayan ucqar kəndlərin əhalisinin, həmçinin Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin hərbi hissələrinin, təhsil, səhiyyə müəssisələrinin oduna olan tələbatını ödəmək məqsədilə ölkə üzrə oduncaq tədarükü həyata keçirilir və bugünədək ölkə üzrə ümumilikdə nəzərdə tutulan odun tədarükünün 60 faizə qədəri artıq yerinə yetirilib:

“Odun tədarükü əsasən əhalinin sıx məskunlaşdığı, oduna daha çox tələbatın olduğu şimal, şimal-qərb, qərb və cənub bölgəsində həyata keçirilir.

Odun tədarükünün gedişatı ilə bağlı ictimaiyyət daim məlumatlandırılır, demək olar ki, hər həftə, son günlərdə isə gündəlik olaraq, biz harada, hansı rayonda, hansı kənddə, hansı meşəbəylikdə odun tədarükünün aparıldığı barədə məlumat veririk”.

V.Kərimov sabah Masallı, Cəlilabad rayonlarında oduncaq tədarükü ilə bağlı ictimai dinləmələrin keçiriləcəyini də qeyd edib:

“Masallı və Cəlilabad rayonlarının həm ictimai fəalları, həm ekoloqları, həm də rayon ictimaiyyəti ilə görüşlərimiz keçiriləcək, əhalini narahat edən bir sıra məsələlər müzakirə olunacaq.

Bilirsiniz ki, oduncağa olan tələbat meşələrin odun ehtiyatından daha çoxdur. Ona görə də, əhalidən, dövlət təşkilatlarımızdan meşələrin imkanlarının məhdud olmasını nəzərə almalarını və buna anlayışla  yanaşmalarını xahiş edirik”.

Nazir müavininin sözlərinə görə, ölkədə oduna olan bütün tələbatı ödəyə bilinmədiyi üçün alternativ enerji mənbələrindən olan kerosin, ağ neft, briket və bərpa olunan enerji mənbələrindən istifadə məsələləri də diqqətə alınmalıdır:

“Yerli icra orqanları bilməlidir ki, əhali alternativ yanacaqla təmin olunmadıqda, istilik ehtiyacını ödəyə bilmədikdə meşələrə üz tutacaq”.

V.Kərimov qazlaşdırılma ilə bağlı məsələlərə xüsusi diqqət yetirildiyini də diqqətə çatdırıb:

“Bu gün biz SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi ilə sıx təmasda çalışırıq. Bir məlumatı da diqqətinizə çatdırmaq istəyirəm ki, dünən “Azəriqaz” İB-nin rəhbərliyi ilə nazirlikdə görüş keçirildi. Həmin görüşün nəticəsi olaraq qazlaşdırılmayan meşə ərazilərinə yaxın kəndlərin qazlaşmasının növbəti illərdə prioritet götürülməsi ilə bağlı artıq razılaşmalar əldə edilib.

Birgə yaradılacaq İşçi Qrup bununla bağlı beş illik proqram hazırlayacaq, bu proqram növbəti dövrlərdə SOCAR və dövlətin aidiyyəti qurumları ilə razılaşdırmaqla icra olunacaq”.

Nazir müavininin sözlərinə görə, qazlaşma ilə bağlı həm bu proqramın icrası, həm də alternativ yanacaq növlərindən istifadə həyata keçirilərsə, meşələrimizə təsirlər azalar, nəticədə neqativ halların aradan qaldırılmasına nail olarıq.

V.Kərimov meşələrdə qanunsuz qırıntı aparılmasına dair iddialar barədə də danışıb:

“Bəli, ola bilər ki, bu iddiaların bir qismi həqiqətə uyğundur, amma apardığımız araşdırmalar təsdiqləyir ki, pozuntu kimi təqdim olunan halların əksəriyyəti nazirliyin yerli qurumları tərəfindən odun tədarükü ilə bağlı aparılan qırmalardır.

Əsasən bioloji inkişafdan qalmış, köküstə qurumuş, yıxılmış ağacların sanitar qırıntısı həyata keçirilir və qırma sahələrinin məqsədəuyğunluğu Nazirliyin qurumlarının mütəxəssisləri tərəfindən təsdiqləndikdən sonra həmin ərazilərdə qırma işləri aparılır.

İctimaiyyətdən və ictimai fəallardan xahişimiz odur ki, bu gün Nazirlik tərəfindən aparılan odun tədarükünü qanunsuz qırıntı kimi ictimailəşdirib, cəmiyyətdə çaşqınlıq yaratmasınlar.

Düzdür, vətəndaşların narahatlığını başa düşürük. Ona görə də bu gündən başlayaraq hər gün hansı ərazidə odun tədarükü aparılıbsa, bununla bağlı Nazirliyin rəsmi səhifələrində məlumat veriləcək.

Qeyd etdiyim kimi, hazırda bütün qazlaşdırılmamış dağlıq ərazilərdə odun tədarükü aparılır. Çünki əhali yanacaqla təmin edilməlidir”.

Nazir müavini odun tədarükünün iyuldan başladığını, dekabra kimi davam edəcəyini bildirib.

İlhamə Əbülfət