Market administratorunun cinayət işi məhkəməyə göndərildi

17:05 15-09-2021 12

“OBA Market” MMC-nin Alatava-1 filialının administratoru Nicat Dadaşovun qanunsuz əməlləri ilə bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin istintaqı yekunlaşdırılıb.

Yasamal Rayon Prokurorluğunda aparılan ibtidai istintaqla Nicat Dadaşovun 2019-cu ilin dekabrın 2-dən 2020-ci ilin mayın 28-dək olan müddət ərzində qeyd olunan vəzifədə işləyərkən administratoru olduğu müəssisənin büdcəsindən ümumilikdə 9 min 519 manat məbləğində pul vəsaitini müxtəlif qanunsuz üsullarla mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanan sübutlar əsasında Nicat Dadaşova Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü (mənimsəmə- şəxs tərəfindən öz qulluq  mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham elan edilməklə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

İş üzrə vurulan ziyanın 3 min 900 manat hissəsi ibtidai istintaq dövründə ödənilmiş, qalan məbləğin də ödənilməsinə dair tərəflər arasında müqavilə bağlanılıb.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Yasamal rayon məhkəməsinə göndərilib.