Dördəmlərin anası: “Övladlarımı hələ görməmişəm” - FOTO

16:20 15-09-2021 14

“Rayonda həkim əkiz övladımın olacağını demişdi, Bakıya gələndə isə dördəm olduğunu öyrəndik”.

Bu sözləri dünən Bakıda dünyaya göz açan dördəmlərin anası Ülviyyə Sofiyeva deyib.

Körpələrdən birinin qız, üçünün oğlan olduğunu xatırladan 30 yaşlı ana artıq uşaqlara adlar qoyduqlarını söyləyib. Belə ki, onların adları Fatimə, Yusif, Məhəmməd və Ümiddir:

“İllər sonra uşaq sahibi olmaq çox gözəl hissdir. Hər bir ailəyə belə gözəl hisslər keçirməyi arzulayıram. Zaqatalada bizə əkiz uşağımızın olacağını dedilər. Bakıya gəldikdə dörd uşaq olacağını öyrəndik, bu, bizə böyük sürpriz oldu. Düzdür, dörd uşağa eyni anda baxmaq çox çətindir, amma qayınanam mənə kömək edəcək.

Övladlarımı hələ görməmişəm. Deyirlər ki, birinin vəziyyəti yaxşı deyil. İnşallah, sağ-salamat xəstəxanadan hamımız birgə çıxarıq.

Xəstəxanada olduğumuz müddətdə həm mənə, həm də uşaqlarıma çox böyük qayğı və diqqət göstərirlər. Bizə qayğı göstərən hər kəsə təşəkkür edirəm”.

Dünyaya gələn dördəmlərin çəkiləri 1140 qram (oğlan), 1350 qram (oğlan), 1230 qram (oğlan), 1120 qramdır (qız).

Ananın 30, atanın isə 31 yaşı var. Onlar 4 ildir uşaq həsrəti ilə yaşayırdılar. Uşaqlar süni mayalanma nəticəsində dünyaya gəlib.

Mənbə: Modern.az