Qəbələdə üç nəfərin ölümünə səbəb olan sürücü həbs edildi - FOTO

12:40 15-09-2021 15

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yol-nəqliyyat hadisəsi törətməklə üç nəfərin ölümünə səbəb olan və istintaqdan yayındığı üçün barəsində axtarış elan edilən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, mayın 5-də Qəbələ rayonu Savalan kəndi ərazisində Tərlan Eyyubovun idarə etdiyi “Mercedes” və Nəsib Yusifovun idarə etdiyi VAZ-2107 markalı avtomobillərin toqquşması nəticəsində sonuncu nəqliyyat vasitəsinin sürücüsü və iki sərnişini həyatını itirib, digər üç sərnişini isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı cinayət işi başlanılıb, zəruri ekspertizalar təyin olunub. Aparılan istintaqla hadisənin Tərlan Eyyubov tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozularaq törədilməsinə dair əsaslı şübhələr müəyyən edilib.

O, əvvəlcə məsuliyyətdən yayınmaq üçün əsassız bəhanələr gətirib, hətta ölən sürücünün yaxınlarından avtomobilinə dəyən zərərin ödənilməsini tələb edib. Daha sonra öz əməlindən xəbərdar olan Tərlan Eyyubov istintaqdan yayındığı üçün onun barəsində axtarış işi açılıb.

Qəbələ Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində həmin şəxs saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.