16 yaşlı şəhidimizin anası Cəbrayılda oğlunun məzarını ziyarət etdi - FOTO/VİDEO

11:45 14-09-2021 13

Azərbaycanın ən gənc şəhid əsgəri Samir Əliyevin anası Aminə Əliyeva 28 ildən sonra oğlunun Cəbrayıl rayonu ərazisindəki məzarını ziyarət edib.

Məlumata görə, Samir Əliyev 1993-cü ilin avqustunda 16 yaşında şəhid olub. Bu günlərdə şəhidin anası Aminə Əliyevaya doğma Cəbrayıla səfər edib oğlunun məzarına qovuşmağa şərait yaradılıb.

9 iyun 1977-ci ildə Cəbrayıl rayonunun Qaracallı kəndində doğulan Samir Əliyev yeniyetmə yaşlarına çatanda artıq Qarabağ müharibəsinin qaynar çağlarıydı. Samirin yaşadığı rayonun da başının üstünü qara buludlar almışdı. Diribaşlığı, cəsarəti ilə fərqlənən bu qarayanız uşaq rayonun müdafiəsində dayanan hərbçilərin yanına gedib-gələndə yəqin ki, yaşıdları bilməzdilər ki, bir müddət sonra onu bütün Azərbaycan tanıyacaq.

Səngərlərə ayaq açan, əsgərlərlə qaynayıb-qarışan “Tiqana” ləqəbli Samir az bir müddət sonra əməlli-başlı döyüşçüyə çevrildi. Həmyaşıdları məktəbdə müəllim qarşısında - parta arxasında əyləşəndə, o, səngərdə düşmən gülləsi önündə dayandı.

1992-ci ilin sentyabr ayında ilk döyüşünə girəndə onun cəmi 15 yaşı vardı. Bu əməliyyatdan öncə əsgərlər onu döyüş meydanından uzaqlaşdırmağa çalışsalar da, Samirin israrı qarşısında susmağa məcbur olurlar. Komandir riskə gedərək, yeniyetməni döyüş gedən zonaya buraxılmasına razılıq versə də, gizlində əsgərlərə bərk-bərk tapşırdı ki, onu gözdən qoymasınlar.

Amma nə güllə, nə də mərmi səsləri bu uşağı qorxutdu. Döyüşlərin ən qızğın çağında belə, Samir səngərlərdən çıxmadı. O, düşmənin susmayan atəşinə cavab verən əsgərlərimizin köməkçisiydi. Güllə və mərmi səslərinin tükürpədən vıyıltılarını vecinə almadan səngərdən səngərə atlanır, patronu azalana sursat, susayana bir içim su daşıyır, yaralıların savaş meydanından arxaya çıxarılmasına kömək edir, özü də avtomatı əlinə alıb ermənilərə tərəf atəş açırdı.

Özündən böyük döyüşçülərə ürək-dirək verməsi, döyüşə ruhlandırması bu qarayanız yeniyetməni əsgərlərin sevimlisinə çevirdi. Bu o zaman idi ki, artıq “Tiqana” ləqəbli Samirdən bütün Cəbrayıl əhli bəhs edirdi.

Qeyd edək ki, əsl adı Samir olsa da, onu hamı lap kiçik yaşlarından “Tiqana” deyə çağırırdı.

Ona “Tiqana” ləqəbini məşhur qaradərili fransız futbolçu Jan Tiqanaya oxşadaraq vermişdilər. Samir uşaq yaşlarında futbolu çox sevdiyindən, yaşıdları ilə futbol yarışlarında çevikliyinə görə fərqləndiyindən onu zarafatla Tiqanaya oxşadırdılar. Elə bu adla da tanındı, şəhidliyə ucaldı…

Hərbçilər danışırlar ki, dəfələrlə kəşfiyyata çıxan əsgərlərə yalvarıb-yaxarırmış ki, onu da özləriylə aparsınlar. Bir dəfə kəşfiyyata çıxan hərbçilərə qoşulub düşmənin beş-on addımlığına qədər gedib çıxıb “Tiqana”.

1993-cü ilin avqust ayının 15-də Xocavənd rayonunun Banazur kəndi ətrafında gedən qanlı savaş “Tiqananın” son döyüşü oldu. Özündən xeyli böyüklərlə birgə silaha sarılan “Tiqana” düşmənə qarşı son qanına qədər cəsarətlə vuruşdu və şəhid oldu. Yeniyetmə yaşında canını vətənə fəda etdi.

Döyüşçü yoldaşları deyirlər ki, düşmən gülləsi onun düz sinəsindən dəydi. Əsl igidlər kimi həlak oldu. Ölümündən bir həftə sonra isə doğma rayonu da işğal olundu.

O, ailəsinin yeganə oğul övladı idi. Valideynləri Qədir kişi, Aminə ana, bacıları Xanımzər, Minəzərin onunla bağlı çox arzuları vardı, amma o arzular həmişəlik yarımçıq qaldı...

 
Mənbə: Modern.az