Həyətində narkotik əkən şəxsdən silah da götürülüb - FOTO/VİDEO

11:30 14-09-2021 15

“Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər çərçivəsində Tərtər Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları narkotik tərkibli bitkiləri kultivasiya yolu ilə əkib-becərən şəxsdən silah da aşkar ediblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, daxil olmuş məlumat əsasında polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayonun Hüsənli kənd sakini Ceyhun Bağırov saxlanılıb. 

C.Bağırovun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi çəkisi 1 kiloqram 500 qram olan yeddi ədəd çətənə bitkisi və evindən bir ədəd qoşa lüləli tüfəng aşkar edilərək götürülüb. 

Rayon ərazisində odlu silah aşkar edən şəxs isə həmin silahı polisə təhvil verib. Belə ki, Şıxarx kənd ərazisində yerləşən su kanalından tapılan bir ədəd “Kalaşnikov” markalı avtomat və 1 000 ədəd 5.45 çaplı patronlar RPŞ-yə təqdim olunub.

Qeyd edilən faktlarla bağlı araşdırmalar davam etdirilir.